"Onunla bağlı gözəl xatirələrimiz var".
Bunu Sportnet.az-a açıqlamasında "Neftçi"nin sabiq vitse-prezidenti Elnur Eyvazov 2020-ci ilədək klubun aşağı yaş klublarından ibarət komandalarında çıxış etmiş Lorenzo Mezzotero barədə danışarkən deyib.
Hazırda 18 yaşında olan əslən italiyalı hücumçu Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisinə dəvət edilib. O, 2024-cü ildən "Sampdoriya"nın aşağı yaş qruplarından ibarət (U-17 və U-19) komandalarında çıxış edir.

Eyvazov gənc forvardın Azərbaycan millisinə dəvət edilməsi üçün vaxtilə önəmli addım atdıqlarını xatırladıb: "Lorenzonun SOCAR sistemində çalışan atasının iş müqaviləsi başa çatırdı. Futbolçu ilə peşəkar anlaşma əldə etmək üçün onun daha bir il Azərbaycanda oynaması lazım idi. Bunu bildikdə SOCAR-dan xahiş etdim ki, atasının daha bir il Azərbaycanda qalmasına dəstək olsunlar. Sağ olsunlar, kömək etdilər və dolayısı ilə Lorenzonun peşəkar müqavilə bağlayaraq, gələcəkdə də Azərbaycana xidmət etməsinə şərait yaratdılar. Bunu məhz Lorenzonu Azərbaycan yığmasına qazandırmaqdan ötrü etdik. Azərbaycanda yetişən, böyüyən xarici futbolçunun ölkə futboluna fayda verə bilməsi üçün atasının müqaviləsi daha bir il uzadıldı. Əslində atasının öz iş sözləşməsini yeniləməsinə ehtiyacı, maddi marağı yox idi. İşi elə idi ki, ona hər yerdə ehtiyac duyulurdu. "Neftçi" və Azərbaycan sevgisinə görə burada qaldı".
Sabiq klub funksioneri bildirib ki, hələ o vaxtlar Lorenzonun gələcəkdə Azərbaycan millisinə gərəkli oyunçu olduğu qənaətinə gəliblər: "Lorenzo həqiqətən də çox perspektivli, özündən yuxarı yaş qruplarında da özünü göstərməyi bacaran futbolçu idi. Çoxlu qol vuraraq, müvafiq yaş qrupları üzrə liqaların böyük top fərqi ilə bombardiri olurdu. Yadımdadır ki, rəhbərliyin bu məsələnin həllinə dəstək olmasından ötrü əlimdən gələni etmişdim. Futbolçunun U-21 yığmasına dəvət alması xəbəri yayıldıqdan sonra keçmiş əməkdaşımızdan təbrik aldım. Mənə "ən çox sizin zəhmətiniz olub" deyərək gözaydınlığı verdilər. Mən isə bildirdim ki, bu, mənim zəhmətim deyil, biz sadəcə, vasitəçiyik. Əsas əziyyəti Lorenzonun "Neftçi"dəki məşqçiləri və texniki personalı çəkib".
Eyvazovun sözlərinə görə, Lorenzonun atası ilə müqavilə uzadıldığı vaxt centlmen razılaşması da əldə ediblər: "Onlar həqiqətən də ailəliklə Azərbaycanı, "Neftçi"ni hədsiz çox istəyirdilər. Atası o vaxtlar centlmencəsinə söz verdi ki, nə olursa-olsun, zamanı gələndə oğlu dəvət alsa, heç olmasa, bir mövsüm "Neftçi"də çıxış edəcək və yığmaya da can-başla gələcək. Bunu bizim zəhmətimizi yüksək qiymətləndirərək, söylədi".
Qeyd edək ki, Lorenzo Mezotteronun ilk məşqçisi və onun yetişməsində böyük rolu olan şəxs Elvin Həsənov olub. Həsənovun rəhbərliyi altında Lorenzo "Qarabağ" və Leon" komandalarında çıxış edib, "Sabah ulduzları" çempionatında ilk medallarını qazanıb. Sonradan "Neftçi"nin məşqçisi İslam Kərimov onun oyununu bəyənərək, komandasına gəlməsinə nail olub. Burada Lorenzonun atasının neft sektorunda çalışması da rol oynayıb.










































































