Şimali Makedoniyanın paytaxtı Skopyedə təşkil olunan U-20 Avropa çempionatının altıncı yarış günündə sərbəst güləşdə ilk medalçılar müəyyənləşib.
Sportnet.az xəbər verir ki, Muhəmməd İsmayılov (57 kq) fransalı Qaspar Şenuya (11:0), Bəşir Verdiyev (65 kq) isə macarıstanlı Mozes Lasloya (12:1) tam üstünlüklə qalib gələrək bürünc medal qazanıb.
Hacı Kərimov (70 kq) finalda fransalı Bayssanqur Bitmurzayevlə qarşılaşıb. Rəqibinə heç bir şans tanımayan Kərimov vaxtından əvvəl 10:0 hesablı qələbə ilə Avropa çempionu olub.
Elcan Ismayılzadə (79 kq) təsəlliverici görüşlərdə ispaniyalı David Kodakovla (11:0) irlandiyalı Deklan Blaya (10:0) tam üstünlüklə qalib gəlib. İsmayılzadə ermənistanlı Narek Nikoqosyanla bürünc medal görüşündə hesabda 10:4 öndə olarkən “tuş”la məğlub olub.
Fərhad Süleymanlı (97 kq) finlandiyalı Yoona Yunnilaya 4:1 hesabı ilə qalib gələrək bürünc medalı boynundan asıb.












































































