"Bu matç mənim üçün mövsümün ilk görüşün oldu".
Sportnet.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın yeni transferi Zakaria Savo UEFA Avropa Liqasının I təsnifat mərhələsində Bakıda İslandiyanın "Vestri" klubunu 3:0 hesabı ilə məğlub etdikləri ilk oyun barədə jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, qarşılaşma uğurlu keçsə də, hələ görüləsi işlər çoxdur və komanda diqqətini cavab oyununa yönəldib: "Bu, mövsümün ilk rəsmi oyunu üçün yaxşı matç idi. Qarşıda bizi daha bir qarşılaşma gözləyir. Ona görə də yolumuza eyni ciddiyyətlə davam etməliyik".
Savo növbəti görüşün də asan keçməyəcəyini vurğulayıb: "Müasir futbolda asan oyun yoxdur. Bilirik ki, rəqib cavab matçına daha aqressiv çıxacaq. Üstəlik, səfər görüşləri həmişə fərqli olur. Həftəsonu yaxşı hazırlaşacaq və növbəti oyuna tam hazır vəziyyətdə çıxmağa çalışacağıq".
Komandasının ilk qolunun müəllifi olan 26 yaşlı futbolçu kollektivin çıxışından razı qaldığını da bildirib: "Keyfiyyətli futbolçularımız var və öz gücümüzə inanırıq. Nəyə qadir olduğumuzu bilirik. Hər oyunda maksimumumuzu ortaya qoymağa çalışacağıq. İnşallah, bu da istədiyimiz nəticəni əldə etmək üçün kifayət edəcək".
İsveçli hücumçu sonda qələbənin sevincini qısa müddət yaşayacaqlarını, daha sonra isə hazırlıq prosesinə davam edəcəklərini qeyd edib: "Bu, yaxşı qələbə idi və bu gün buna sevinirik. Ancaq artıq sabahdan məşqlərə başlayacaq və növbəti oyuna hazırlaşacağıq".
Qeyd edək ki, komandalar arasında cavab görüşü iyulun 16-da İslandiyada keçiriləcək.









































































