"Sabah" Çempionlar Liqasında Uels klubu TNS-i 2:0, "Zirə" Konfrans Liqasında Gürcüstan təmsilçisi "Torpedo"nu 3:0 hesabı ilə üstələdi. Bu dəfə isə "Qarabağ" ölkəmizə zəfər gətirdi".
Spornet.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın prezidenti Tahir Gözəl Avropa Liqasının I təsnifat mərhələsində İslandiyanın "Vestri" klubuna 3:0 hesabı ilə qalib gəldikləri oyun barədə danışarkən deyib.
O, “Qarabağ”ın çox gözəl oyun keçirdiyini bildirib: "Üç qoldan ikisini yeni transferlər vurdu. Çox gözəl idi. Bilirsiniz, bu, ilk oyundur. İnanıram ki, komanda daha da güclənəcək. Hesab edirəm ki, bu qələbə həm də simvolik məna daşıyır.
Biz uzun zamandır fikirləşirdik komandanı yeniləyək. Bunu Qurban Qurbanov da istəyirdi. Amma alınmırdı. Baş məşqçi bütün transferlərə şans verdi. Bu "Qarabağ" tarixinin ən yaxşısıdır. Bir-iki transfer də gözləyirik".
Onun sözlərinə görə, “Qarabağ”ın sistemi düzgün icra etməsi vacibdir: "Bu gün bəzi məqamlar alınmadı, qrafik də asan deyil. Amma hamımız başa düşürük ki, futbolçular böyük məsuliyyətlə çalışırlar. İnşallah, biz “Qarabağ”tarixində ən böyük uğurlardan birinə imza ata bilərik. Mən bunu hər dəfə deyirəm: bu il “Qarabağ” tarixi üçün çox uğurlu ola bilər".
Tahir Gözəl komandanın yenilənməsindən danışıb:
“Bəzən həyat insanı etməli olduğu addımlara məcbur edir. Bəzən özümüzə gəlmək, daha radikal qərarlar vermək lazım olur. Ola bilər ki, əvvəl bu qədər cəsarətimiz olmazdı. Mən hesab edirəm ki, insanın həyatında uğurlar qədər çətinliklər də ona kömək edir. Klub üçün də belədir. “Qarabağ” bu vəziyyətdən sonra daha güclü olacaq.
Funksioner kolumbiyalı hücumçu Kamilo Duranın “Seltik”ə transferi barədə də fikirlər səsləndirib: “Bizim üçün futbolçunu buraxmaq məsələsi təkcə maddi tərəflə bağlı deyil. “Qarabağ”ın hazırda bu pula ehtiyacı yoxdur. Bizdə elə futbolçu var ki, dünya futbolunda baş verən proseslərə uyğun olaraq onu saxlamaq asan deyil. Amma biz istəyirik ki, bizə gələn futbolçular gələcəkdə böyük futbolçular olsunlar. Onlar “Qarabağ”a gələndə bilməlidirlər ki, buradan İngiltərə liqasına, Avropa klublarına gedə bilərlər.
Biz düşündük ki, bu addımı atsaq, gələcəkdə daha güclü futbolçular “Qarabağ”a gəlmək istəyəcəklər. Getmək istəyən, düzgün qiymətləndirilən futbolçuların qarşısını kəsmək olmaz. Bu qərar həm də “Qarabağ”ın gələcəyi üçün dəyərli olmalıdır”.
T.Gözəl klubun akademiya üçün yeni torpaq sahəsi alması ilə bağlı şayiələrə də fikir bildirib:
“Hazırda elə bir şey yoxdur. Belə addım olarsa, bunu mətbuat önündə açıqlayacam. Həmin gün xoşbəxt olaram. Çünki özündən sonra nəsə qoyub getmək qürurverici andır. Akademiya üçün plan uğurla işləsə, Azərbaycan futboluna ən böyük töhfəm olar".
Qeyd edək ki, “Qarabağ” Avropa Liqasının I təsnifat mərhələsində “Vestri”ni məğlub edib - 3:0.











































































