Cütün taleyini öz meydanımızda müəyyən etməyə çalışacağıq.
Sportnet.az xəbər verir ki, bu sözləri Gürcüstanın “Torpedo” klubunun baş məşqçisi Dirk Şuster UEFA Konfrans Liqasının I təsnifat mərhələsində “Zirə”yə 0:3 hesabı ilə məğlub olduqları oyundan sonra təşkil edilən mətbuat konfransında deyib.
O, rəqibin üstün oyun nümayiş etdirdiyini söyləyib: “Oyundan əvvəl də “Zirə”nin güclü kollektiv olduğunu vurğulamışdım. Rəqibin qol vuracağını nəzərə alırdıq və cütün taleyini öz meydanımızda həll etməyi planlaşdırırdıq. Lakin favorit statusunu doğruldan “Zirə” layiqli qələbə qazandı. Komandanın heyətində yüksək fərdi keyfiyyətlərə malik futbolçular var. İkinci qoldan sonra oyuna nəzarəti tamamilə itirdik, üçüncü top isə komandamızın ruhdan düşməsinə səbəb oldu”.
D.Şuster komandasının fiziki durumuna da toxunub. O, “Torpedo"nun Bakıya Superkubok matçından sonra gəldiyini və futbolçuların yorğunluğunun oyuna təsir göstərdiyini söyləyib.
Baş məşqçi cavab görüşündə daha yaxşı çıxış etməyə çalışacaqlarını qeyd edib: “3:0 hesabından sonra vəziyyəti dəyişmək çox çətindir. Ancaq futbolda hər şey mümkündür. Ən azı qarşılaşmanı əlavə vaxta daşımaq üçün sonadək mübarizə aparacağıq”.
Komandalar arasında cavab oyunu iyulun 16-da Gürcüstanda baş tutacaq.









































































