Uelsin TNS komandasının futbolçusu Cek Bodenham Çempionlar Liqasının I təsnifat mərhələsində səfərdə "Sabah"a 0:2 hesabı ilə məğlub olduqları ilk oyundan sonra Sportnet.az-ın suallarını cavablandırıb.
Həmin müsahibəni təqdim edirik:
- Oyunla bağlı fikirlərinizi bölüşərdiniz.
- Çətin oyun idi. "Sabah" parlaq rəqibdir. Bura gəlməzdən əvvəl onların çox yaxşı komanda olduğunu bilirdik. Kənardan baxanda "Qarabağ"ı məğlub etmək liqada böyük nailiyyətdir. Buna görə də bu gecə onlara böyük hörmətlə yanaşdıq. Öz imkanlarımız oldu, amma onların sayı çox deyildi. Sonda rəqibin təzyiqi üstün gəldi və oyunu qapımızı toxunulmaz saxlamaqla başa vura bilmədik.
- Çempionlar Liqasında növbəti mərhələyə yüksəlmək şanslarınızı necə qiymətləndirirsiniz?
- Düşünürəm ki, şanslarımız azdır. Qarşıda öz meydanımızda keçirəcəyimiz cavab oyunu var. Ümid edirəm ki, mövcud çatışmazlıqları aradan qaldırmaq üçün əlimizdən gələni edəcəyik. Amma "Sabah" da ilk matçdakı göstərdiyi oyunu təkrarlamağa çalışacaq.
- "Sabah" komandası haqqında nə deyə bilərsiniz?
- Onlar həm parlaq fərdlərə, həm də çox güclü kollektivə malikdirlər. Bura gəlməzdən əvvəl rəqibi ətraflı təhlil etmişdik və bizi nələrin gözlədiyini bilirdik. Buna baxmayaraq, "Sabah" öz keyfiyyətlərini bir daha nümayiş etdirdi.
- Bakı ilə bağlı təəssüratlarınız necədir?
– Məncə, Bakı çox gözəl şəhərdir. Burada keçirdiyimiz vaxtdan həqiqətən zövq aldıq. İnsanlar çox mehribandırlar. Səfərimizdən məmnun qaldıq və mütləq yenidən Bakıya qayıtmaq istərdik.









































































