“Zirə” futbol komandasının baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasının I təsnifat mərhələsində Gürcüstanın “Torpedo” (Kutaisi) klubuna qarşı keçirəcəkləri ilk oyun öncəsi mətbuat konfransı təşkil edib.
Sportnet.az-ın məlumatına görə, mütəxəssis bildirib ki, komanda hazırlıq prosesini başa vurub və ilk görüşdə uğurlu nəticə əldə etməyi hədəfləyir.
“Bizi önəmli oyun gözləyir. Hazırlığı tamamlamışıq. Sabahkı matçda əlverişli nəticə qazanmaq istəyirik. Rəqibimiz təcrübəli komandadır və mütəmadi olaraq avrokuboklarda çıxış edir. Hazırlıq üçün vaxtımız az olsa da, bizim komandamız da kifayət qədər təcrübəlidir”, – deyə baş məşqçi vurğulayıb.
R.Sadıqov zədələrin futbolun ayrılmaz hissəsi olduğunu qeyd edərək qapıçı Maykonun yoxluğunun komanda üçün itki olduğunu, lakin təcrübəli qolkiper Aydın Bayramovun onun yoxluğunu hiss etdirməyəcəyinə inandığını bildirib.
Baş məşqçi rəqibi yaxından təhlil etdiklərini də diqqətə çatdırıb: “Onların bəzi oyunlarını izləmiş və təhlil etmişik. Avrokuboklara hazırlıq hər zaman xüsusi olur və futbolçular da bunun məsuliyyətini dərk edirlər”.
O, transfer çalışmalarının davam etdiyini söyləyərək bildirib ki, komandanı gücləndirmək üçün bir neçə mövqe üzrə seleksiya prosesi aparılır.
R.Sadıqov əlavə edib ki, bəzi futbolçular hazırlıq toplanışına artıq çəki ilə qoşulublar. Onun sözlərinə görə, komandanın avrokuboklara vəsiqə qazanacağı əvvəlcədən dəqiq bilinmədiyindən bu amil hazırlığa müəyyən təsir göstərib.
Heyətin son variantı barədə danışan mütəxəssis qərarın oyun günü veriləcəyini bildirib.
Baş məşqçi, həmçinin yay aylarında keçirilən oyunlarda tətbiq olunan su fasilələrinin futbolçuların sağlamlığı baxımından faydalı olduğunu qeyd edib.
Qeyd edək ki, “Zirə” – “Torpedo” oyunu iyulun 8-də saat 20:00-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.












































































