"Araz-Naxçıvan" yay hazırlıq dönəmində Bakıdan kənara çıxmayacaq. Bu barədə klubun açıqladığı hazırlıq planında bildirilir.
Naxçıvanı təmsil edən komanda nəinki Muxtar Respublikaya, hətta son illər Premyer Liqa klublarının yay hazırlığını keçdiyi əsas məkanlardan olan Qəbələyə də üz tutmayacaq.
Əslində klubun qeyri-rəsmi sahibi kimi təqdim olunan Zaur Axundovun şirkəti ətrafında yaşanan hadisələrin ardından vəziyyətin maliyyə baxımından çətinləşəcəyini proqnozlaşdırmaq çətin deyildi.
Əvvəlcə Axundov barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri, ardınca komandanın mövsümün ikinci yarısındakı enişi, çempionat başa çatan kimi əcnəbi baş məşqçi Andrey Demçenkonun göndərilməsi və onun əvəzinə ardıcıl iki müxtəlif komanda ilə Premyer Liqadan I Liqaya düşmüş Cavid Hüseynovun baş məşqçi təyin olunması bu fikirləri daha da gücləndirdi. Bunun ardınca xeyli yerli və legioner futbolçu ilə yollar ayrıldı, onların yerinə isə əsasən aşağı səviyyəli klublardan, hətta I Liqada çıxış edən, Hüseynovun keçmiş komandası və doğulduğu bölgənin adını daşıyan "Cəbrayıl"dan futbolçu transfer edildi.
"Araz-Naxçıvan"ın yay toplanışı çərçivəsində seçdiyi rəqiblər də nikbin mənzərə yaratmır. Keçmiş məşqçisi, hazırda "Şəfa"nın vitse-prezidenti olan Əfran İsmayılovun komandası ilə yoxlama oyunu keçirmək, baş məşqçisi hələ də bəlli olmayan "İmişli" ilə qarşılaşmaq və hazırlığın başlamasına az qalmış üçüncü rəqibin belə məlum olmaması klubun planlamasında ciddi problemlərin olduğunu göstərir.
Belə bir mənzərədə ən paradoksal məqam isə Ceyhun Sultanovun klub prezidenti vəzifəsinə gələr-gəlməz legioner transferlərinin sürətləndirilməsidir. Artıq bir neçə əcnəbi futbolçunun keçidi rəsmiləşdirilib və görünən odur ki, bunun davamı da gələcək. AFFA-nın müəyyən etdiyi minimal rüsum çərçivəsində legioner sayının maksimum həddə çatdırılacağına şübhə yoxdur.
Amma məhz burada əsas sual ortaya çıxır: Ceyhun Sultanov klub prezidenti vəzifəsinə nə üçün gətirilib?
Əgər onun əsas missiyası legioner transfer etməkdirsə, bunu idman direktoru da, seleksiya şöbəsinin rəhbəri də həyata keçirə bilərdi. Klub prezidenti isə ilk növbədə, idarəçiliyə, maliyyə sabitliyinə, infrastrukturun inkişafına, hazırlıq prosesinin keyfiyyətinə və uzunmüddətli strategiyaya cavabdeh olmalıdır.
Bu gün "Araz-Naxçıvan"da isə tam əks mənzərə müşahidə olunur. Komanda Bakıdan kənarda toplanış keçə bilmir, səviyyəli rəqiblərlə yoxlama oyunları təşkil edə bilmir, heyətin keyfiyyəti ilə bağlı ciddi suallar var. Amma bütün bunların fonunda yeganə aktiv istiqamət legioner transferləridir.
Sultanov hələ rəsmi təqdimatından əvvəl də futbol ictimaiyyətində daha çox futbolçu agenti kimi fəaliyyəti ilə tanınırdı. Elə kluba gələnədək və gəldikdən sonrakı addımları da bu imici dəyişmir. Sanki əsas məqsəd komandanı gücləndirmək deyil, transfer bazarında maksimum aktivlik nümayiş etdirməkdir.
Halbuki futbol tarixində saysız-hesabsız nümunələr var ki, plansız şəkildə çoxlu legioner gətirmək heç də uğurun təminatı olmayıb. Əksinə, sağlam idarəçilik, düzgün planlama və maliyyə sabitliyi olmadan edilən transferlər sonradan klub üçün əlavə yükə çevrilib.
Ötən mövsüm avrokuboklara vəsiqə qazanan "Araz-Naxçıvan" yeni mövsümə daha iddialı yox, daha qeyri-müəyyən görüntü ilə başlayır. Klubun maliyyə imkanlarının zəiflədiyi, hazırlıq prosesinin minimum xərclə təşkil olunduğu, yoxlama oyunlarının belə çətinliklə razılaşdırıldığı bir vaxtda əsas diqqətin legioner transferlərinə yönəlməsi haqlı suallar doğurur.
Əgər klub prezidenti postuna gətirilən şəxsin fəaliyyəti yalnız yeni legionerlərin təqdimatı ilə yadda qalacaqsa, o zaman belə bir vəzifənin mahiyyəti də sual altına düşür. Çünki klub prezidenti transfer agenti demək deyil. Onun işi klubu bütöv şəkildə idarə etmək, problemləri həll etmək və inkişaf strategiyası qurmaqdır.
Bu gün isə "Araz-Naxçıvan"da əksinə, problemlər artır, qeyri-müəyyənlik dərinləşir, transferlər isə davam edir. Elə buna görə də mövcud vəziyyət istər-istəməz bir sualı gündəmə gətirir: Ceyhun Sultanov doğrudan da klub prezidenti kimi fəaliyyət göstərir, yoxsa sadəcə "Araz-Naxçıvan"ın transfer kampaniyasının rəhbəri rolunu oynayır?












































































