Elm və Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti və müvafiq idman federasiyalarının dəstəyi ilə ilk dəfə təşkil olunan Məktəblilərin Respublika İdman Olimpiadası çərçivəsində velosiped idman növü üzrə yarışlara yekun vurulub.
Sportnet.az xəbər verir ki, Bakı Veloparkında keçirilən 2-ci yarış günündə şose velosipedi üzrə 2 kateqoriyada qaliblər müəyyənləşib.
Qızların 10 km məsafəyə qrup ötüşməsində Respublika Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped Məktəbinin (ROEİUGVM) təmsilçisi Məryəm Hüseynova 21 dəqiqə, 31 saniyə göstərici ilə finiş xəttini birinci keçib. Onun komanda yoldaşı Marina Akimova 2-ci (23:00), “Təhsil” Respublika İdman Mərkəzi 7 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin üzvü Nigar Yusifzadə isə 3-cü olub (23:04).
Oğlanların 20 km məsafəyə qrup ötüşməsində isə “Təhsil” Respublika İdman Mərkəzi 7 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin velosipedçiləri fəxri kürsüyə qalxıblar. İlkin Sadıqzadə məsafəni 35 dəqiqə, 10 saniyəyə qət edərək çempion olub. Ümid İsmayılov (35:31) və Nihad Əkbərov (36:21) müvafiq olaraq gümüş və bürünc medal qazanıblar. Fərqlənən idmançılar medal və hədiyyələrlə təltif ediliblər.









































































