"Orhus"un qapıçısı Mads Hedenstad "Sabah" üzərində qazanılan 2:1 hesablı qələbədən razı qalsa da, komandasının nümayiş etdirdiyi oyunun daha yaxşı ola biləcəyini bildirib.
Danimarkalı qapıcı cavab görüşü öncəsi bu hesabın yaxşı üstünlük yaratdığını vurğulayıb:
"Bu, ən yaxşı oyunumuzdan çox uzaq idi. Amma pis gündə belə qalib gəlmək də komandanın gücünü göstərir.
Çempionlar Liqasında uğurlu çıxış edirik, Superliqada isə hələ məğlub olmamışıq. Bu, müsbət göstəricidir. Bununla belə, özümüzü toparlamalıyıq. Adətən topla daha yaxşı davranırıq, amma "Sabah"a qarşı bunu bacarmadıq. Cavab oyununda bu komponentdə daha yaxşı çıxış etməliyik.
Daha keyfiyyətli futbol oynasaq, pley-off mərhələsinə yüksəlmək tamamilə mümkündür".
Hedenstad onu da qeyd edib ki, komandanın cavab matçına qədər Danimarka Superliqasında oyun keçirməyəcək olması hazırlıq baxımından üstünlükdür.
Qeyd edək ki, Mads Hedenstad "Lech Poznan"la ilk oyunda qapıçı Yesper Hansenin qırmızı vərəqə almasından sonra əsas heyətdə yer almağa başlayıb. "Sabah"a qarşı ilk görüşdə də qapını qoruyan qolkiper bir neçə vacib qurtarıṣ edərək komandasını xilas edib. O, xüsusilə ikinci hissədə etibarlı oyunu ilə seçilib. Yalnız bir epizodda bəxt "Orhus"un tərəfində olub və rəqibin zərbəsi tirə dəyib.
Tərəflər arasında cavab qarşılaşması çərşənbə axşamı keçiriləcək. "Orhus" bu oyunda məğlub olmayacağı təqdirdə avrokubokların növbəti mərhələsində iştirakını təmin edəcək və daha sonra UEFA Çempionlar Liqasının pley-off mərhələsində mübarizəni davam etdirmək şansı qazanacaq.















































































