2026-cı il dünya çempionatının oyunlarına ev sahibliyi edən ABŞ şəhərləri ilə FIFA arasında sular durulmur. Ev sahibi şəhərlər ali futbol qurumundan özlərinə vəd olunan vəsaitlərin təcili ödənilməsini tələb edirlər.
Sportnet.az xəbər verir ki, turnirə ev sahibliyi edən 11 şəhərin hər biri FIFA prezidenti Canni İnfantinonun yarışdan əvvəl onlara söz verdiyi 1 milyon dolları tələb edir.
Həmin vəsaitin yeni futbol meydançalarının tikintisi və müxtəlif sosial layihələrin həyata keçirilməsi üçün nəzərdə tutulduğu bildirilir.
Dünya çempionatının Təşkilat Komitəsinin ən azı iki rəsmisi FIFA-nın bu addımına mat qaldıqlarını gizlətməyiblər. Onlar qurumun 2023-2026-cı illər dövrü üçün gözlənilən 15 milyard dollarlıq nəhəng gəliri fonunda "qəpik-quruş" təsiri bağışlayan bu ödənişləri ləngitməsini təəccüblə qarşılayıblar.
Qeyd edək ki, ABŞ-də mundialın qarşılaşmalarına Sietl, San-Fransisko, Los-Anceles, Dallas, Hyuston, Kanzas Siti, Atlanta, Filadelfiya, Nyu-Cersi, Mayami və Boston şəhərləri ev sahibliyi edir.















































































