UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Kiyev "Dinamo"su ilə keçiriləcək ilk oyun öncəsi "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Sportnet.az xəbər verir ki, təcrübəli mütəxəssis komandasının vacib qarşılaşmaya istədiyi kimi hazırlaşdığını bildirib.
"Vacib səfərə çıxırıq. Yaxşı komandaya qarşı oynayacağıq. Matça istədiyimiz kimi hazırlaşmışıq. Rəqib də bizə qarşı yaxşı hazırlaşıb, çempionatda iki oyunu təxirə salınıb. Polşaya sərfəli nəticə qazanmaq üçün gedirik", – deyə baş məşqçi vurğulayıb.
Q.Qurbanov Sofiyada ÇSKA ilə keçirilən əvvəlki oyundan sonra bəzi futbolçuların zədələndiyini və onların məşqlərdə tam gücü ilə iştirak edə bilmədiyini qeyd edib.
"120 dəqiqə oynamaq asan deyil. Futbolçuların bərpası bir qədər gec oldu. Yenilənməyə ehtiyacımız var. Amma bu, durumumuzun pis olması demək deyil. Yolumuza davam edirik. Sadəcə, zaman lazımdır və düşünürəm ki, hər şey yaxşı olacaq", – deyə o əlavə edib.
Baş məşqçi komandasının avrokubok təcrübəsinə də toxunaraq bildirib ki, "Qarabağ" belə səviyyəli rəqiblərə qarşı dəfələrlə çıxış edib.
"UEFA Çempionlar Liqasında çox yüklənmişdik. Bizim kimi digər komandalar da qazandıqları müsbət nəticələri ilboyu qoruyub saxlaya bilməyiblər. Sofiyada ÇSKA-ya qalib gəlməsək də, məğlub olmadıq. Cavab matçında yaxşı oynamışdıq və futbolçularımdan razı qalmışdım", – deyə Q.Qurbanov bildirib.
Qeyd edək ki, "Dinamo" (Kiyev) – "Qarabağ" görüşü avqustun 6-da Polşanın Lublin şəhərindəki "Lublin Arena"da Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Tərəflər arasında cavab qarşılaşması avqustun 13-də saat 20:00-da Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.














































































