“Qarabağ”ın sabiq futbolçusu Leandro Andrade 26 yaşında Kabo-Verde millisində çıxışını dayandırmaq qərarının səbəbini açıqlayıb.
Sportnet.az xəbər verir ki, hazırda Ukraynanın “Polesye” klubunda çıxış edən 26 yaşlı vinger milli komandada oynamaqdan imtina etməsinin ailəsinə daha çox vaxt ayırmaq istəyi ilə bağlı olduğunu bildirib.
Andrade qeyd edib ki, bu qərarı hələ 23 yaşında qəbul edib:
“Milli komandada çıxışımı dayandırmaq mənim qərarım idi. Məşqçilər məni çox sevirdilər və onlarla yaxşı münasibətim var idi. Amma ailəmlə daha çox vaxt keçirmək üçün belə qərar verdim. İndi isə sıçrayış etmək baxımından yalnız “Polesye”yə fokuslanmışam ki, komandaya yaxşı nəticələr qazandırım”.
Futbolçu Kabo-Verdeyə uzunmüddətli səfərlərin də qərarında rol oynadığını vurğulayıb. O bildirib ki, milli komandaya yollanması vaxtında Azərbaycana qayıtmasına mane olub və bu səbəbdən “Qarabağ”ın bəzi çempionat oyunlarını buraxıb:
“Artıq üç il keçib ki, bu qərarı vermişəm. Milli komandaya uçmaq çox uzaq idi. Həmçinin milli komandaya gedəndə “Qarabağ”ın çempionatdakı bəzi oyunlarını buraxırdım. Bu qərarın doğru olub-olmadığını yalnız Allah bilir. Amma qapı həmişə açıqdır və hər şey geri qayıda bilər”.
Portuqaliyada anadan olan Andrade Kabo-Verde millisinin formasını ümumilikdə 7 oyunda geyinib və bu görüşlərdə məhsuldar fəaliyyətlə yadda qalmayıb.
Andrade 2021-ci ildən “Qarabağ”da çıxış edib. O, Ağdam klubunun heyətində bütün turnirlərdə 213 rəsmi matçda 60 qol və 61 məhsuldar ötürmə ilə yadda qalıb. Ötən mövsüm isə 51 oyunda 16 qol və 11 assist edib.
26 yaşlı vinger “Qarabağ”la 4 dəfə Azərbaycan çempionu, 2 dəfə ölkə kubokunun qalibi olub. O, həmçinin iki mövsüm əvvəl Azərbaycan Premyer Liqasının bombardiri adına yiyələnib.
Andrade artıq “Polesye”nin heyətində 3 oyuna çıxıb. Ruslan Rotanın çalışdırdığı komandanın heyətində Ukrayna Premyer Liqasında debüt edən futbolçu “Çernomorets”ə qarşı 2:1 hesablı qələbə ilə başa çatan matçda da meydanda olub. O, hələlik yeni klubunda məhsuldar hərəkətlərlə yadda qalmayıb.
“Transfermarkt” portalı futbolçunun bazar dəyərini 3,5 milyon avro qiymətləndirir.














































































