Braziliyada 15 yaşadək (U-15) futbolçular arasında keçirilən ölkə kuboku matçında gözlənilməz və qeyri-adi hadisə yaşanıb.
Sportnet.az xəbər verir ki, "Flamenqo" və "Seara" komandaları arasında baş tutan qarşılaşma tutuquşunun hücumu səbəbindən bir müddət dayandırılıb.
Hadisə matçın 17-ci dəqiqəsində, "Flamenqo"nun hücumda olduğu an qeydə alınıb. Teresopolis şəhərindəki "Qranja Komari" stadionunda meydançanın üzərində uçan quş anidən "Flamenqo"nun 4 nömrəli müdafiəçisi Valmirə tərəf şığıyıb. Gənc futbolçu tutuquşunun hücumundan yayınmaq üçün özünü yerə atmaq məcburiyyətində qalıb. Hakimlər dərhal oyunu saxlayıblar.
Qeyd edək ki, maraqlı anlarla yadda qalan qarşılaşma "Seara"nın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Qalib komandanın qollarını Andre və Xose Kayş vurublar. "Flamenqo"nun təsəlli qoluna isə David Souza imza atıb.










































































