18 yaşadək oğlan basketbolçulardan ibarət Azərbaycan millisi FIBA U-18 Avropa çempionatının B divizionunda mübarizəni yekunlaşdırıb.
Sportnet.az xəbər verir ki, yığmamız 15-16-cı yerlər uğrunda qarşılaşmada İslandiya seçməsi ilə üz-üzə gəlib. Görüş rəqibin 91:73 hesablı qələbəsi ilə başa çatıb.
22 komandanın mübarizə apardığı turniri U-18 millimiz 16-cı yerdə tamamlayıb. Yarış ərzində 8 oyun keçirən yığmamız qrup mərhələsində Ukrayna və Portuqaliya komandalarını məğlub etməyi bacarıb.
Qeyd edək ki, 2024-cü ildə C divizionunun çempionu olan millimiz 2025-ci ildən etibarən B divizionunda çıxış edir. Komandamız B divizionundakı ikinci mövsümünü ötən illə müqayisədə 5 pillə irəlidə bitirib.










































































