Bolqarıstanın ikiqat olimpiya çempionu Armen Nazaryan oğulları Edmond və Qrişa Nazarianın beynəlxalq yarışlarda iştirakına icazə verilmədiyini bildirərək ölkənin Güləş Federasiyasını sərt tənqid edib.
Sportnet.az xəbər verir ki, Sofiyada keçirdiyi mətbuat konfransında çıxış edən erməni əsilli veteran idmançı federasiya prezidenti Stanka Zlatevanı oğullarına qəsdən lisenziya verməməkdə ittiham edib.
Onun sözlərinə görə, Edmond və Qrişa Nazaryan son iki ildə beynəlxalq yarışlardan kənarda saxlanılır: "Mən 1996-cı ildən Bolqarıstandayam, bu ölkəyə çoxlu medallar qazandırmışam. Oğullarım da Bolqarıstanda doğulub və bu ölkə üçün çıxış etmək istəyirlər. Amma iki ildir onlara lisenziya verilmir. Səbəbini başa düşmürəm".
Bolqarıstan Güləş Federasiyası isə bildirib ki, hələ 2026-cı ilin aprelində milli komandaların hazırlıq düşərgələrində iştirak etməyən idmançılar üçün heç bir güzəşt edilməməsi barədə qərar qəbul olunub. Qurumun açıqlamasına əsasən, Mərkəzləşdirilmiş hazırlıq proqramına qoşulmayan güləşçilərə beynəlxalq yarışlar üçün lisenziya verilməyəcək.
Federasiya qeyd edib ki, 10 - 31 iyulda Belmeken təlim-məşq toplanışına dəvət olunan MOİK klubunun əksər güləşçiləri düşərgəyə qatılmayıb.
Buna baxmayaraq, Armen Nazaryan oğullarının şəxsi məşqçiləri ilə hazırlaşmasının normal olduğunu bildirib və federasiyanın qərarını haqsız sayıb. Onun sözlərinə görə, Edmond və Qrişa Nazaryanın yeganə məqsədi Bolqarıstanı beynəlxalq arenada təmsil etmək və ölkəyə yeni uğurlar qazandırmaqdır.







































































