"Zirə"nin futbolçusu Ayxan Hüseynov UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda Estoniyanın "Payde" komandası ilə 1:1 hesablı heç-heçəni şərh edib.
Sportnet.az xəbər verir ki, futbolçu komandasının qələbəyə layiq oyun sərgilədiyini bildirib.
"Qələbə qazanmalı idik. Amma futbol belədir. Yaratdığın epizodlardan istifadə edə bilmirsənsə, qalib gəlmək çətin olur", – deyə o vurğulayıb.
Müdafiəçi komandanın çoxsaylı qol imkanlarından yararlana bilmədiyini söyləyib:
"Çoxlu standart vəziyyətlərimiz və zərbələrimiz oldu. Bir neçə dəfə qapıçı ilə üz-üzə qaldıq, amma qol vura bilmədik. Bunun səbəbini özümüz də başa düşmürük. Rəqibin qapıçısı yaxşı çıxış etdi. Düşünürəm ki, həmin epizodları qolla tamamlamalı idik".
Ayxan Hüseynov mübahisəli epizoda da münasibət bildirib. Onun sözlərinə görə, bir vəziyyətdə top rəqib futbolçunun əlinə dəyib, lakin VAR sistemi olmadığı üçün hakim həmin anı qiymətləndirə bilməyib.
Futbolçu "Zirə"də çıxış etməkdən məmnun olduğunu da vurğulayıb:
"Rəşad Sadıqov mənə hazır olduğum zaman şans qazanacağımı deyirdi. Bu gün əlimdən gələni etməyə çalışdım. Yaxşı epizodlarım da oldu, alınmayan məqamlar da. İnkişaf etmək və oyunumu artırmaq üçün öz üzərimdə daha çox çalışmalıyam".
Qeyd edək ki, "Zirə" ilk oyunda "Payde"yə 0:1 hesabı ilə uduzub, cavab görüşündə isə 1:1 hesablı heç-heçə edib. Beləliklə, Bakı təmsilçisi iki oyunun nəticəsinə əsasən UEFA Konfrans Liqasında mübarizəni dayandırıb.












































































