UEFA Avropa Liqasının II təsnifat mərhələsinə yüksəlməyə yaxın olan "Qarabağ"ın növbəti rəqibi müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, Bolqarıstanın MOİK komandası səfərdə Şimali İrlandiyanın "Derri Siti" klubunu 2:1 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib.
Sofiya təmsilçisi ilk görüşdə də 3:2 hesablı qələbə qazandığından, iki oyunun nəticəsinə əsasən 5:3 hesabı ilə mərhələ adlayıb və "Qarabağ"a rəqib olub.
İlk hissədə hesab açılmasa da, ikinci hissənin əvvəlində meydan sahibləri önə keçiblər. Oyunun 47-ci dəqiqəsində Elias Çapman fərqlənərək "Derri Siti"ni hesabda irəli çıxarıb. ÇSKA isə 75-ci dəqiqədə kiprli hücumçu Yoannis Pitasın qolu ilə bərabərliyi təmin edib. Qalib isə 90+18-ci dəqiqədə müəyyənləşib. Mohamed Bərahiminin zərbəsindən sonra Barri Kotter topu öz qapısına göndərib və "Derri Siti"nin avtoqolu MOİK-ə qələbə qazandırıb.
Qarşılaşma zamanı xoşagəlməz hadisə də yaşanıb. Oyunun 57-ci dəqiqəsində hər iki komandanın azarkeşləri arasında insident baş verib. Təhlükəsizlik səbəbindən baş hakim oyunu dayandıraraq futbolçuları paltardəyişmə otağına göndərib. Təxminən 14 dəqiqə davam edən fasilədən sonra tribunalar arasında bufer zona yaradılıb və görüş bərpa olunub. Məhz bu səbəbdən ikinci hissənin əsas vaxtına 17 dəqiqə əlavə edilib.
Beləliklə, "Qarabağ" UEFA Avropa Liqasının II təsnifat mərhələsində Bolqarıstanın ən titullu klublarından olan MOİK ilə qarşılaşacaq. Cütün ilk oyunu iyulun 23-də Bakıda, cavab matçı isə bir həftə sonra Sofiyada keçiriləcək.
"Qarabağ" I təsnifat mərhələsinin ilk görüşündə İslandiyanın "Vestri" komandasını Bakıda 3:0 hesabı ilə yenib. Cavab görüşü az sonra - Bakı vaxtı ilə saat 00:00-da başlanacaq.












































































