UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Neftçi"yə rəqib olacaq komandanın adına aydınlıq gəlib.
Sportnet.az xəbər verir ki, bu, Belarus təmsilçisi "Dinamo-Minsk"dir.
Paytaxt klubu I təsnifat mərhələsində Şimali Makedoniya "Sileks"ini mübarizədən kənarlaşdırıb. Hər iki görüşdə səfər komandalarının 1:0 hesablı qələbəsi qeydə alındığından, penaltilər seriyasına müraciət olunub. Nəticədə "Dinamo-Minsk" 6:5 hesablı qələbə ilə mərhələ adlayıb.
"Neftçi"nin ilk oyunu iyulun 23-də Bakıda, cavab görüşü iyulun 30-da Bolqarıstanın Stara Zaqora şəhərindəki "Beroe" stadionunda keçiriləcək.
Qeyd edək ki, UEFA-nın qərarı ilə Belarus klubları rəqiblərini öz ölkələrində qəbul edə bilmirlər.












































































