Azərbaycan voleybol klublarının avrokuboklardakı ilk rəqibləri müəyyənləşib.
Sportnet.az xəbər verir ki, qadın voleybolçulardan ibarət "Turan" komandası Çempionlar Liqasının II təsnifat mərhələsində Xorvatiya təmsilçisi "Mladost"la qarşılaşacaq. İlk oyun oktyabrın 20-22-də Bakıda, cavab görüşü isə 27-29-da səfərdə keçiriləcək.
Kişilərdən ibarət "Xilasedici" kollektivi Çempionlar Liqasına Portuqaliyanın "Sportinq" komandasına qarşı mübarizə ilə başlayacaq. İlk görüşlər noyabrın 2-5-də, cavab matçları isə 10-12-də təşkil olunacaq.
Qadınların Çelenc Kubokunda mübarizə aparacaq "DH Volley"in rəqibi Danimarkanın "Holte" klubu olacaq. Komanda ilk matçını oktyabrın 27-29-da evdə, cavab oyununu isə noyabrın 3-5-də səfərdə keçirəcək.
Kişilər arasında Çağırış Kubokunda çıxış edəcək "Ordu" komandası isə Norveç təmsilçisi "Ferde" ilə üz-üzə gələcək. İlk qarşılaşma noyabrın 10-12-də Azərbaycanda, cavab görüşü isə 17-19-da Norveçdə baş tutacaq.













































































