Xorvatiya millisinin futbolçusu Luka Modriç futbol üzrə dünya çempionatlarının tarixinə daha bir rekordla düşüb.
Sportnet.az xəbər verir ki, 41 yaşlı yarımmüdafiəçi DÇ-2026-nın qrup mərhələsinin III turunda Qana ilə oyuna start heyətində çıxmaqla mundiallarda keçirdiyi oyunların sayını 22-yə çatdırıb.
Bununla da o, dünya çempionu Dieqo Maradonanı (21 oyun) geridə qoyaraq bu göstəricidə turnir tarixinin 6-cı pilləsinə yüksəlib.
Modriç eyni zamanda Almaniya millisinin sabiq qapıçısı Manuel Noyerlə eyni göstəriciyə sahibdir. Bu siyahıda yalnız Lionel Messi (28 oyun), Lotar Matteus (25), Miroslav Kloze (24), Kriştianu Ronaldu (24) və Paolo Maldini (23) ondan irəlidədir.
2025-ci ilin yayından İtaliya "Milan"ının formasını geyinən xorvatiyalı yarımmüdafiəçi daha əvvəl 13 il İspaniya "Real Madrid"ində çıxış edib. O, Madrid təmsilçisi ilə 6 dəfə UEFA Çempionlar Liqasının, 5 dəfə klublararası dünya çempionatının qalibi olub, həmçinin İspaniya çempionluğu, kuboku və Superkubokunu dəfələrlə qazanıb.
Modriç 2018-ci ildə isə nüfuzlu "Qızıl top" mükafatına layiq görülüb.
Qeyd edək ki, ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi DÇ-2026 tarixdə ilk dəfə 48 komandanın iştirakı ilə keçirilir. Mundial iyulun 19-da başa çatacaq.












































































