Elşən MƏMMƏDOV
Azərbaycan futboluna 20 ildən artıqdır axıdılan pullar bir seli xatırladır. Bu sel ilk baxışdan inkişaf və bolluq vəd etsə də, əslində özü ilə çör-çöp gətirib. Hətta elə çör-çöp ki, bu gün bəzi klubların rəhbərliyi məhz onlardan formalaşıb.
Bu müddətdə sistem o qədər deqradasiyaya uğrayıb ki, futbolu bilməyənlər futbolu idarə edir, futbola ömrünü verənlər isə kənardan baxır. Sel gələndə nəyi qabağına qatırsa, gətirib sahilə atır – Azərbaycan futbolunda da eyni mənzərədir.
Amma iri qol-budaqlılar azdır. O adamlardan ki, bu sistemin içində olub, onun necə qurulduğunu, necə dağıldığını öz gözləri ilə görüb və proseslərə təsir edib. Yaşar Seyidov məhz belə fiqurlardandır.
O, bu selin kənarında dayanmayıb – birbaşa içində olub, sel axınının hərəkətverici qüvvəsi olub. Vaxtilə AFFA İcraiyyə Komitəsində yer alıb, "Bakı" klubu kimi böyük layihənin idarəçiliyində təmsil olunub, çempionluqlar, kubok sevincləri yaşayıb-yaşadıb. Yəni bu gün tənqid etdiyimiz sistemin necə qurulduğunu ən yaxşı bilənlərdən biridir.
İndi isə fərqli mövqedədir. II Liqada “Dinamo”nun prezidenti kimi uşaq futbolundan, infrastrukturdan danışır. Konkret təklif verir: "Qarabağ" klubunun Avropadakı uğurlarından gələn hərəyə 1,6 milyon manatlıq vəsaitin bir hissəsi Abşeron Olimpiya İdman Kompleksində meydançanın yenilənməsinə yönəldilsin. Məntiqi əsası da var: Niyə qazanan yalnız Premyer Liqa klubları olmalıdır? Elita təmsilçiləri onsuz da qazandıqlarını qazanırlar, hər il dövlətin verdiyi 2,5 - 3 milon manatadək vəsaiti legionerlərlə bərabər həzm-rabedən keçirirlər. Hələ bu azmış kimi UEFA-nın vəsaitinə də acgözcəsinə göz dikiblər.
UEFA o pulu vermir ki, hara gəldi səpələyəsiniz. O pul ölkədə uşaq futbolunun inkişafına, infrastruktura xərclənməlidir. Siz bunu etmirsinizsə, bacarmırsınızsa, imkan verin bilənlər, etməyə qadir olanlar etsinlər, sizin aşağı yaş qruplarınızdan ibarət komandalarınıza futbolçular yetişdirsinlər.
Lakin problem ondadır ki, bu sistem hələ də dəyişməyib. AFFA İcraiyyə Komitəsi legioner limitini ləğv edir, klublar isə yenə qısa yol seçir – pulu infrastruktura yox, əcnəbi futbolçulara xərcləməyə hazırlaşır.
Və mənzərə daha da aydın olur: Onların içində elələri var ki, rəhbərliyi həmin o selin gətirdiyi çör-çöplərdən ibarətdir. Yaşar Seyidov nəinki Azərbaycanda, hətta Avropada sözünü deyəndə belələri sözün həqiqi mənasında aşırma şalvar geyinirdilər.
Yaşar Seyidovun yeganə “günah”ı isə bu gün iddialı klubda deyil, II Liqada çalışmasıdır. Azərbaycan futbolunun bəlası da məhz budur: yüksək mövqelərdə belə futbol adamlarının yox, “çör-çöplər”in, “aşırma şalvarlılar”ın yer alması.
Nə yazıq ki, bu gün sözü keçən də, söz sahibi olan da məhz həmin o “çör-çöplər”, “aşırma şalvarlılar”dır. Rövşən Nəcəf – Cahangir Fərəcullayev cütlüyü isə bu ədalətsizliyə hələ də dözür.
Sel hələ də axır. Sadəcə, istiqaməti dəyişən yoxdur.







































































