"İlk növbədə ‘Sabah’ ailəsini və bütün azarkeşlərimizi təbrik edirəm. Bu, həqiqətən də böyük və möhtəşəm hissdir".
Sportnet.az-ın məlumatına görə, bunu "Sabah" komandasının baş məşqçisi Valdas Dambrauskas evdə Finlandiya "KuPS"una 1:0 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.
Litvalı mütəxəssis çoxsaylı qol epizodlarından yararlana bilmədiklərini təəssüflə bildirib: "Futbol elə bir oyundur ki, bəzən çox az qol imkanı yaradırsan, amma nəticə qazanırsan. Bəzən isə saysız-hesabsız qol epizodları yaratsan da, topu qapıdan keçirə bilmirsən. Bu gün də belə oyunlardan biri idi. Taktiki baxımdan futbolçularımdan heç bir narazılığım yoxdur, tapşırıqları yerinə yetirdilər. Oyunun sonlarında rəqibin də yaxşı qol imkanı yarandı, amma onlar da bundan istifadə edə bilmədilər. İndi bu matçı və məyusluğu arxada qoymalıyıq".
Təcrübəli baş məşqçi komandasını səfərdə fərqli şəraitin gözlədiyini diqqətə çatdırıb: "Rəqib süni ot örtüyündə oynayır və bu, müəyyən çətinliklər yarada bilər. Amma inanıram ki, Bakıda dəyərləndirə bilmədiyimiz qol epizodlarını səfərdə qola çevirəcək və istəyimizə çatmağa çalışacağıq. Bizim sadəcə bir məqsədimiz var: çoxlu qollar vurmaq. Biz ikinci qolu vurmağa çox yaxın idik, amma alınmadı. İlkin olaraq, əsas işimiz bu oyunu təhlil etməkdir. Bizi çox çətin və gərgin qarşılaşma gözləyir. Meydanda ağır mübarizə gedəcəyini gözləyirik və buna uyğun hazırlaşmışıq".
Dambrauskas ötən mövsümün ən yaxşılarından biri olmuş Aaron Maludanı bu gün meydançaya buraxmamasının səbəbini də açıqlayıb: "Maluda haqqında düşünürəm ki, o, həm fiziki, həm də psixoloji cəhətdən oyuna tam hazır deyildi. Məhz buna görə də onu bu gün meydana buraxmadım".
Bununla belə, "Sabah"ın baş məşqçisi ölkə çempionu olmalarına böyük töhfə vermiş futbolçulara daha çox üstünlük verdiyini vurğulayıb: "Yeni transferlər 90 dəqiqə ərzində necə oynamalı olduqlarını, komandaya necə fayda verməli olduqlarını tam mənimsəməlidirlər. Düşünürəm ki, hazırda 22 futbolçudan ibarət güclü və rəqabətqabiliyyətli heyətimiz var".
Dambrauskas Çempionlar Liqasının III təsnifat mərhələsindəki potensial rəqiblər barədə isə danışmaq istəməyib: "Hazırda bütün fikrimiz yalnız "KuPS" ilə oyuna yönəlib. Dünyada hazırda ən son düşündüyüm məsələ Polşa “Lex”i ilə mümkün qarşılaşmadır. Bizim üçün ən vacib oyun "KuPS"a qarşı matçdır. Bütün diqqətimizi bu görüşə cəmləmişik və yalnız onu düşünürük".











































































