"Rəqibi təbrik edirəm".
Sportnet.az-ın məlumatına görə, bunu Finlandiyanın "KuPS" komandasının baş məşqçisi Mika Nuutinen səfərdə "Sabah"a 0:1 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.
35 yaşlı mütəxəssis müdafiə olunmağa məcbur qaldıqlarını bildirib: "Sabah" saysız-hesabsız qol epizodları yaratdı. Buna baxmayaraq, növbəti oyun üçün şansımız qalır və həmin imkandan maksimum yararlanmağa çalışacağıq. 1:0 hesabı göstərir ki, hələ oyundan qopmamışıq. Bu nəticə cavab görüşü üçün şanslarımızı saxlayır. Biz meydana heç vaxtı öldürmək və ya minimal hesabla məğlub olmaq düşüncəsi ilə çıxmamışdıq. Məqsədimiz öz futbolumuzu oynamaq və müsbət nəticə qazanmaq idi. İndi isə növbəti oyunda bu hesabı dəyişmək üçün əlimizdən gələni edəcəyik".
Nuutinen cavab oyununun süni örtüklü meydançada keçiriləcəyini xatırladıb: "Bu amilin bizim xeyrimizə işləyəcəyinə ümid edirik".










































































