UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda sabah Finlandiyanın KuPS komandasını qəbul edəcək “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas qarşılaşma öncəsi mətbuat konfransı keçirib.
Litvalı mütəxəssis əvvəlcə rəqibi salamlayaraq, onları Bakıda görməkdən məmnun olduqlarını bildirib:
“Rəqibimizə ‘xoş gəldin’ demək istəyirəm və inanıram ki, onlar bizim qonaqpərvərliyimizi hiss edəcəklər”.
Dambrauskas komandasının oyuna tam hazır olduğunu vurğulayıb:
“Bütün futbolçularımız yaxşı formadadır. Mərhələnin ilk qarşılaşmasıdır. İnanıram ki, sabah yaxşı nəticə qazanaraq azarkeşlərimizi sevindirəcəyik”.
Baş məşqçi “Sabah”ın ev meydanında çıxış edəcəyini xatırladaraq, favorit statusunun yalnız meydanda təsdiqlənməsinin vacibliyini qeyd edib:
“Evdə oynayırıq, favoritik. Kağız üzərində kimsə üstün ola bilər, amma bunu meydanda sübut etmək lazımdır. Çempionlar Liqasında yol çox uzundur. Bu barədə danışmaq üçün hələ tezdir. İcazə verin, diqqətimizi sabahkı oyuna yönəldək”.
Rəqibin mövsüm ərzində oyun ritmini qazandığını deyən litvalı mütəxəssis, öz komandası üçün əsas amilin düzgün heyət seçimi və taktiki hazırlıq olduğunu bildirib:
“KuPS daxili çempionatda 16 oyun keçirdiyi üçün optimal formasına çatıb. Bizim üçün isə əsas məsələ özümüzdən asılıdır – heyət seçimi və taktiki düzülüş. İki oyundan ibarət mərhələdir və hazırda yalnız ilk matç barədə düşünürük”.
Dambrauskas heyətdəki rəqabəti də normal hal kimi qiymətləndirib:
“Hücumda, yarımmüdafiədə və müdafiədə ehtiyatda qalan futbolçularım var. Mənim vəzifəm qalib gəlmək üçün ən yaxşı ‘11-liy’i seçməkdir. Dəyişikliklərin olması tam normaldır”.
Qeyd edək ki, “Sabah” – “KuPS” görüşü sabah Masazırdakı “Bank Respublika Arena”**da keçiriləcək. Qarşılaşma saat 20:00-da başlayacaq. Tərəflər arasında cavab oyunu isə bir həftə sonra Finlandiyada baş tutacaq.










































































