Türkiyə millisinin baş məşqçisi Vinçenso Montella ABŞ üzərində 3:2 hesablı əzmkar qələbədən sonra komandasının dünya çempionatındakı çıxışına dair yekun dəyərləndirmə aparıb.
Sportnet.az-ın məlumatına görə, italiyalı mütəxəssis mundialla erkən vidalaşmasına baxmayaraq futbolçularını müdafiə edib.
O bildirib ki, komanda mundialdan kənarda qalmağa layiq deyildi: "90+8-ci dəqiqədə Kaan Ayhanın qolundan sonra yaşadığımız sevinc bütün həftə ərzində bu oyuna necə hazırlaşdığımızı göstərir. Komandamız mübarizəni dayandırmağa layiq deyildi. Bu qələbə həm federasiya rəhbərliyi, həm də futbolçularımız üçün çox önəmli idi. Hamı kövrəlmişdi, mən də. Biz şərəfimiz üçün oynayırdıq və qalib gəlmək vacib idi. Bunu bacardıq və xoşbəxtik".
Montella qeyd edib ki, heyətdə meydançaya çıxan hər bir futbolçu əsas heyət oyunçusu səviyyəsindədir: "Matçın əvvəlində qol buraxdıq. Amma nə etdiyini bilən komanda olduğumuz üçün oyunun gedişini dəyişə bildik. İlk iki görüşdə də eyni döyüş ruhunu göstərmişdik. Sadəcə, futbolda bəzən nəticə istədiyin kimi olmur".
Baş məşqçi komandanın ünvanına səslənən tənqidləri də haqsız hesab edib: "Futbolçularımız bu qədər sərt tənqidə layiq deyildilər. Yenidən ayağa qalxmağın vaxtıdır".
Qeyd edək ki, Türkiyə DÇ-2026-nın D qrupunda son turda ABŞ-ni 3:2 hesabı ilə məğlub etsə də, 3 xalla sonuncu yeri tutaraq turnirlə vidalaşıb. ABŞ 6 xalla qrup lideri olub, Avstraliya 4 xalla ikinci, Paraqvay isə 4 xalla üçüncü pillədə qərarlaşıb.












































































