UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi (CEDB) Çempionlar Liqası və Avropa Liqasının 2025/2026 mövsümündə keçirilmiş final oyunlarında baş verənlərlə bağlı qərarlarını açıqlayıb.
Sportnet.az xəbər verir ki, Çempionlar Liqasının finalında Fransanın PSJ klubu azarkeşlərinin pirotexniki vasitələr yandırmasına və meydançaya əşyalar atmasına görə cəzalandırılıb.
Qərara əsasən, Paris təmsilçisi pirotexniki vasitələrin istifadəsinə görə 80 min avro, əşyaların meydana atılmasına görə isə 10 875 avro məbləğində cərimələnib.
Bundan əlavə, klub UEFA bayrağı altında keçirəcəyi növbəti səfər oyununda azarkeşlərinə bilet satmaq hüququndan məhrum edilib. Lakin bu cəza iki illik sınaq müddəti ilə şərti xarakter daşıyır.
Avropa Liqasının finalında azarkeşlərinin meydançaya daxil olmaları səbəbindən Almaniya "Frayburq"u 30 min avro cərimələnib. Həmçinin klubun növbəti UEFA ev oyununu boş tribunalar qarşısında keçirməsi barədə qərar qəbul edilib. Bu sanksiya da iki il müddətinə şərti olaraq tətbiq edilib.
Avropa Liqasının qalibi İngiltərə Aston Villa"sı isə azarkeşlərinin diskriminasiya xarakterli banner nümayiş etdirmələri ilə əlaqədar 10 min avro cərimələnib. Bundan başqa, “Aston Villa”nın növbəti UEFA səfər matçı üçün azarkeşlərinə bilet satışı qadağan edilib. Bu qərarın icrası da iki illik sınaq müddəti ərzində şərti saxlanılıb.
UEFA-nın intizam qaydalarına əsasən, sınaq müddətində olan cəzalar dərhal qüvvəyə minmir. Lakin həmin müddət ərzində oxşar pozuntu təkrarlanarsa, sanksiyalar tətbiq ediləcək.
Qeyd edək ki, Çempionlar Liqasının finalında PSJ İngiltərə "Arsenal"ını əsas vaxtı 1:1 hesabı ilə nəticələnmiş görüşdə penaltilər seriyasında yenib - 4:3. "Aston Villa" isə "Frayburq"u darmadağın edib - 3:0.












































































