Danimarkanın "Orhus" klubunun yeni transferi Kolin Rösler komandaya qoşulduqdan cəmi üç gün sonra debüt edib.
Sportnet.az xəbər verir ki, norveçli müdafiəçi UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda Azərbaycan təmsilçisi "Sabah"a qarşı matça start heyətində başlayıb və komandasının qələbəsində pay sahibi olub.
Rösler qarşılaşmadan sonra yeni kollektivə qısa müddətdə uyğunlaşdığını bildirib: "Burada oynamaq həqiqətən çox xoş idi. Azarkeşlərin nə qədər möhtəşəm olduğunu bilirdim və müqavilə imzalayandan sonra onların qarşısına çıxmağı səbirsizliklə gözləyirdim".
26 yaşlı müdafiəçi komandada cəmi üç gün keçirməsinə baxmayaraq, özünü sanki uzun müddətdir "Orhus"da çıxış edirmiş kimi hiss etdiyini vurğulayıb: "Məni çox yaxşı qarşıladılar. Çox gözəl komandamız və məşqçilər heyətimiz var. Artıq uzun müddətdir burada olduğumu hiss edirəm. Özümü evdəki kimi hiss edirəm. Bu gün meydana çıxmaq həqiqətən əla idi".
Qeyd edək ki, Kolin Rösler görüşdə 80 dəqiqə meydanda olub. O, matçın sonlarında əzələ qıcolmaları səbəbindən əvəzlənib.













































































