"Dinamo Kiyev"in baş məşqçisi İqor Kostyuk UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Qarabağ"a qarşı keçiriləcək ilk oyun ərəfəsində komandasının hazırlıq durumunu dəyərləndirib.
Sportnet.az xəbər verir ki, ukraynalı mütəxəssis ölkəsində baş verən son hadisələrin komandaya psixoloji təsir göstərdiyini bildirib.
"Ölkəmizdə baş verənləri, xüsusilə ötən gecə yaşananları görürük. Terror və təcavüz nəticəsində evlərin dağıdılması, dinc insanların həlak olması çox ağırdır. Belə məqamlarda doğmalarının yanında ola bilməmək psixoloji cəhətdən çətindir", – deyə o vurğulayıb.
İ.Kostyuk "Qarabağ"ın güclü rəqib olduğunu qeyd edib və komandasının rəqibi ciddi şəkildə təhlil etdiyini söyləyib: "PAOK-la oyundan sonra nəticə çıxarmışıq. Futbolda səhvlər qaçılmazdır, əsas məsələ onlara necə reaksiya vermək və onları təkrarlamamaqdır. "Qarabağ" ötən mövsüm Çempionlar Liqasında çıxış etmiş güclü komandadır. Bununla belə, öz gücümüzə inanırıq və növbəti mərhələyə yüksəlmək üçün əlimizdən gələni edəcəyik".
Avrokuboklardan erkən ayrılmağın daxili çempionata köklənmək baxımından daha məqsədəuyğun olması ilə bağlı fikirlərə münasibət bildirən çalışdırıcı bununla razılaşmadığını deyib.
Onun sözlərinə görə, avrokubok oyunları həm gənc, həm də təcrübəli futbolçuların inkişafına təkan verir: "Mövsümə bu qrafikə uyğun hazırlaşmışıq. Heyətdə rəqabət olacaq, müxtəlif oyunlarda fərqli heyətlərdən istifadə edə biləcəyik. Məqsədimiz həm ölkə çempionatında, həm də avrokuboklarda rəqabətədavamlı olmaqdır".
İ.Kostyuk komandanın heyətindəki itkilər barədə də məlumat verib. O bildirib ki, Aleksandr Timçik komandaya qoşulub. Konstantin Vivçarenko isə zədə səbəbindən hələ də bərpa prosesini davam etdirir. Kirilo Osipenko, Vladislav Zaxarçenko və Denis Popov Kiyevdə müalicə alırlar. Nikolay Mixaylenko da ümumi qrupla məşq etmir. Digər futbolçuların hamısı məşqlərdə iştirak edir və "Qarabağ"la oyuna hazırlaşırlar.
















































































