Ukraynanın "Dinamo Kiyev" klubunun futbolçusu Aleksey Sıç UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Qarabağ"a qarşı keçirəcəkləri ilk oyunda komandasının ən yaxşı çıxışını nümayiş etdirməyə hazır olduğunu bildirib.
Sportnet.az xəbər verir ki, müdafiəçi bunu qarşılaşmadan əvvəl təşkil olunan mətbuat konfransında deyib.
O, Yunanıstanın PAOK klubuna məğlubiyyətin komandaya təsir etdiyini etiraf etsə də, məqsədlərindən geri çəkilmədiklərini vurğulayıb: “Əlbəttə, PAOK-a məğlubiyyət üzücü oldu. Amma qarşımıza qoyduğumuz məqsədə doğru irəliləməyə davam edirik. Komandada əhval-ruhiyyə yaxşıdır, döyüşkəndir. “Qarabağ”a qarşı ən yaxşı oyunumuzu göstərməyə hazırıq”.
Yeni komandaya qısa müddətdə uyğunlaşdığını söyləyən Sıç heyətdəki bir çox futbolçunu Ukrayna millisindən tanıdığını bildirib: “Komandaya uyğunlaşmışam. Heyətdə yer alan futbolçuların bir çoxunu Ukrayna millisindən tanıyırdım. “Qarabağ”la matçda özümü ən yaxşı tərəfdən göstərmək üçün əlimdən gələni edəcəyəm”.
Qeyd edək ki, UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin "Dinamo Kiyev" – "Qarabağ" oyunu avqustun 6-da Bakı vaxtı ilə saat 21:00-da Polşanın Lublin şəhərindəki "Lublin Arena"da keçiriləcək. Cavab görüşü isə avqustun 13-də saat 20:00-da Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.















































































