UEFA FIFA-nın dünya çempionatı da daxil olmaqla öz yarışlarına özəl investorların pay sahibi olmasına imkan verəcək planı geri götürmək qərarını alqışlayıb.
Sportnet.az xəbər verir ki, UEFA-nın yaydığı açıqlamada FIFA-nın bu təklifinin qurumun milli assosiasiyaları tərəfindən yekdilliklə rədd edildiyi, dünyanın müxtəlif yerlərindəki çoxsaylı federasiya və konfederasiyaların da plana qarşı çıxdığı bildirilib.
UEFA planın əleyhinə çıxan azarkeşlərə, liqalara, klublara, futbolçulara, ayrı-ayrı şəxslərə, assosiasiyalara və konfederasiyalara təşəkkür edib. Qurum həmçinin FIFA prezidenti Canni İnfantinoya futbolun satılıq olmadığını göstərən baş nazirləri, dövlət başçılarını və digər şəxsləri də qeyd edib.
UEFA hesab edir ki, belə proseslərin gizli şəkildə və sürətlə həyata keçirilməsinə son qoyulmalıdır: “Artıq belə davam edə bilmərik. Gizli planlar, sürətli zaman çərçivəsində, üzü olmayan şəxslər tərəfindən hazırlanır və onların futbol üçün faydası şübhə doğurur. Məsul şəxsləri müəyyənləşdirməli və onları cavabdehliyə cəlb etməliyik”.
Qurum yaxın günlərdə və həftələrdə milli assosiasiyaları ilə birlikdə, digər konfederasiyalarla sıx əməkdaşlıq şəraitində bu hadisənin necə baş verdiyini araşdıracağını açıqlayıb.
UEFA belə halların bir daha təkrarlanmaması üçün yeni plan hazırlanmasının vacibliyini vurğulayıb: “Bu araşdırma hərtərəfli və fundamental olmalıdır. Heç bir variant nəzərdən kənarda qalmamalıdır. Hazırkı FIFA rəhbərliyi təkcə UEFA-nın deyil, futbol ailəsinin bir çox digər üzvlərinin də etimadını itirib”.
UEFA İnfantinonun 2016-cı il vədlərini xatırlatdı
UEFA açıqlamasında Canni İnfantinonun 2016-cı ildə FIFA prezidenti seçilərkən milli assosiasiyalardan etimad və səs istədiyi zaman verdiyi vədləri də xatırladıb. İnfantino həmin vaxt FIFA-nın şəffaf fəaliyyət göstərməli olduğunu bildirmiş və UEFA-da son 15 ildə bu prinsiplə işlədiyini söyləmişdi. O, həmçinin FIFA-nın vəsaitlərinin FIFA prezidentinə deyil, milli assosiasiyalara məxsus olduğunu vurğulamışdı: “FIFA-nın pulu sizin pulunuzdur. Bu, FIFA prezidentinin pulu deyil. Bu, sizin pulunuzdur. Siz milli assosiasiyalarsınız və FIFA-nın pulu futbolun inkişafına xidmət etməlidir, başqa heç nəyə yox”.
UEFA hesab edir ki, İnfantino bu vədlərin heç birini yerinə yetirməyib: “Bu iki vəd üzrə o, öz öhdəliyini yerinə yetirməyib. Onun hazırladığı və həyata keçirməyə çalışdığı səliqəsiz, qapalı və şəffaf olmayan razılaşma şəffaflıqdan çox uzaq idi”.
“FIFA-nın bank hesabında 5 milyard dollardan çox vəsait var”
UEFA həmçinin FIFA-nın maliyyə ehtiyatlarına diqqət çəkib. Qurumun açıqlamasında FIFA-nın ehtiyatlarında 5 milyard ABŞ dollarından çox vəsaitin olduğu qeyd edilir. UEFA hesab edir ki, FIFA rəhbərliyi bu vəsaitləri futbolun inkişafına daha çox yönəltməlidir: “5 milyard dollardan çox ehtiyat vəsaiti olduğu halda o, assosiasiyaların pulundan futbolun xeyrinə istifadə etmək məsələsində də uğursuz olub”.
UEFA bundan sonra dünya üzrə tərəfdaşlar və futbolun müxtəlif iştirakçıları ilə birlikdə mövcud FIFA Forward proqramı çərçivəsində resursların yeni şəkildə bölüşdürülməsi üçün təkliflər hazırlayacağını açıqlayıb.
Qurum hesab edir ki, FIFA-nın bank hesabında istifadəsiz qalan vəsaitin bir hissəsi dünyanın 211 ölkəsində uşaq futboluna, yerli və ümumilikdə futbolun inkişafına dəstək vermək üçün istifadə edilməlidir: “FIFA-nın bank hesabında hərəkətsiz qalan pulların bir hissəsindən dünyanın 211 ölkəsində kütləvi futbolun və bütövlükdə futbolun ehtiyac duyduğu başlanğıc dəstəyi vermək üçün istifadə etməliyik. Amma bunun üçün ailənin gümüşünü satmağa ehtiyac yoxdur”.
UEFA sonda FIFA-nın planının geri götürülməsini “bütün futbol üçün qələbə” adlandırıb. Bununla belə, qurum bunun məsələnin sonu olmadığını xüsusi vurğulayıb:
“Təklif artıq yoxdur. FIFA-ya etimadın bərpası vəzifəsi isə yalnız indi başlayıb”.








































































