UEFA Çempionlar Liqasındakı debüt mövsümündə tarixi uğura imza ataraq III təsnifat mərhələsinə yüksələn "Sabah"ın futbolçusu Coy-Lens Mikels AZƏRTAC-a müsahibə verib.
Sportnet.az xəbər verir ki, o, komandanın çıxışı, şəxsi statistikası, növbəti rəqib və qarşıdakı hədəflər barədə fikirlərini bölüşüb.
– "Sabah" Çempionlar Liqasındakı debüt mövsümündə tarix yazaraq III təsnifat mərhələsinə yüksəldi. Təəssüratlarınız necədir?
– İndiyədək əldə etdiklərimizlə çox qürur duyuruq. İlk Çempionlar Liqası mövsümümüzdə III təsnifat mərhələsinə yüksəlmək klub üçün tarixi nailiyyətdir. Bu uğur futbolçuların, məşqçilər korpusunun və klubda çalışan hər kəsin zəhmətinin nəticəsidir. Eyni zamanda anlayırıq ki, yolumuz hələ bitməyib və tarix yazmağa davam etmək istəyirik.
– Komanda turnirdə keçirdiyi dörd oyunda cəmi bir top buraxıb. Bu, rəqiblərin zəif olması ilə bağlıdır, yoxsa "Sabah"ın müdafiəsi çox güclüdür?
– Düşünürəm ki, bu, ilk növbədə komandamızın kollektiv işinin nəticəsidir. Hər bir rəqibə hörmətlə yanaşırıq, çünki Çempionlar Liqasında asan oyun olmur. Biz hər ölkənin çempionuna qarşı oynayırıq. Müdafiə işi yalnız arxa xəttin deyil, hücumçulardan başlayaraq bütün komandanın məsuliyyətidir. Cəmi bir qol buraxmağımız nizam-intizamımızı, təşkilatlanmağımızı və oyuna yanaşmamızı göstərir.
– Çempionlar Liqasında keçirdiyiniz dörd oyunda ən çox hücum edən futbolçular sırasında ikinci yerdəsiniz. Bu statistikanı necə qiymətləndirirsiniz?
– Müsbət statistikalar həmişə xoşdur, amma bu mənim əsas diqqət mərkəzim deyil. Mənim üçün əsas olan komandaya hər cəhətdən kömək etməkdir – istər müdafiədə, istər qol vəziyyətlərinin yaradılmasında, istərsə də hücumda. Əgər çıxışlarım komandanın uğur qazanmasına kömək edirsə, bundan məmnunam. Bizim əsas məqsədimiz mümkün qədər uzağa getməkdir.
– Növbəti mərhələdə rəqib Danimarka təmsilçisi "Orxus" olacaq. Şansları necə qiymətləndirirsiniz?
– "Orxus" Danimarka çempionudur və çox yaxşı təşkilatlanmış komandadır. Onların çılğın azarkeşləri, keyfiyyətli futbolçuları var və yüksək intensivliklə oynayırlar. Bunun çətin sınaq olacağını bilirik. Amma özümüzə inanırıq. Əgər intizamlı qalıb öz futbolumuzu oynasaq, rəqabət aparmaq və müsbət nəticə qazanmaq üçün hər cür şansımız var.
– Komandanın aparıcı üzvlərindən Aaron Maludanın gedişi kollektivə necə təsir edəcək?
– Aaron çox yaxşı futbolçudur. Ona gələcək karyerasında uğurlar arzulayırıq və əlbəttə ki, onun üçün darıxacağıq. Futbolun təbiəti belədir – futbolçular gedir, yeniləri gəlir.
– Artıq Konfrans Liqasının əsas mərhələsinə vəsiqə təmin olunub. Bu, komandada müəyyən rahatlıq yarada bilərmi?
– Xeyr, qətiyyən belə düşünmürəm. Biz çox iddialıyıq və mümkün qədər uzağa getmək istəyirik. Konfrans Liqasının liqa mərhələsini təmin etmək klub üçün böyük uğurdur, amma düşüncə tərzimiz dəyişməyib. Bütün diqqətimiz növbəti oyundadır və Çempionlar Liqasındakı yürüşümüzü davam etdirmək üçün əlimizdən gələni edəcəyik











































































