Bolqarıstanın MOİK komandası UEFA Avropa Liqasının II təsnifat mərhələsində “Qarabağ”la cavab oyununda ilk matçdakı start heyətini dəyişməyəcək.
Sportnet.az yerli mətbuata istinadən xəbər verir ki, baş məşqçi Xristo Yanev ilk görüşdə Bakıda 0:0 hesablı heç-heçə edən heyətə yenidən güvənəcək.
Sofiyadakı “Vasil Levski” Milli Stadionunda keçiriləcək qarşılaşmada "hərbçilər"in 3-5-2 taktiki sxemindən istifadə edəcəyi gözlənilir.
Müdafiənin mərkəzində Jan-Filip Qbamen, onun sağında Teodor İvanovun, solunda isə Fakundo Rodrigesin çıxış edəcəyi bildirilir. Cinahlarda Pastor və Ancelo Martino yer alacaq.
Yarımmüdafiədə Stefano Sensi, Brunu Jordaо və Maks Ebonqun oynaması gözlənilir. Kamerunlu Ceyms Eto'O isə ehtiyat oyunçular skamyasında başlayacaq və qarşılaşmanın ikinci hissəsində meydana çıxması ehtimal olunur. O, Bakıdakı görüşə intizamsızlığı səbəbindən gətirilməmişdi.
Hücum xəttində isə Yoannis Pitas və Santyaqo Qodoyun tandem təşkil edəcəyi gözlənilir. “Botev”lə çempionat oyununda MOİK forması ilə ilk qollarını vuran Coel Tsvartsın isə ehtiyatda qalacağı ehtimal olunur.
MOİK birbaşa hücum futboluna, həmçinin Qodoyun pressinq zamanı enerjisindən yararlanmağa ümid edir. Argentinalı futbolçu “Botev”lə matçda ehtiyatda qalıb və cavab görüşünə tam hazır vəziyyətdə çıxacaq.
İyulun 30-da Sofiyadakı "Vasil Levski" stadionunda keçiriləcək MOİK – “Qarabağ” qarşılaşması Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.














































































