Medal qazandığım üçün sevinirəm. Əslində, çempion da ola bilərdim, sadəcə, alınmadı və üçüncü yerə sahib oldum. Aylardır bu yarışa hazırlaşırıq, böyük əziyyət çəkmişik. İnanıram ki, növbəti yarışlaradək buraxdığım səhvləri aradan qaldırıb, çempion olacağam. Azarkeş dəstəyi də çox möhtəşəm idi, tribunaların coşğusu mənə əlavə ruh verdi.
Sportnet.az xəbər verir ki, bunu Bakıda təşkil olunan U-17 dünya çempionatında bürünc medal qazanan Azərbaycanın yunan-Roma güləşçisi Orxan Həbibli (65 kiloqram) deyib.
Bürünc medal uğrunda görüşü şərh edən idmançı qələbənin təsadüfi olmadığını vurğulayıb: “Rəqib böyük təzyiq göstərirdi. Mən lazımi xalları qazandıqdan sonra müdafiəyə çəkildim, ona görə də üstümə çox gəlirdi. Mən gücümü bərpa edirdim, o isə hücum edirdi. Özümü toparlayıb sonadək dözdüm. Görüş demək olar ki, hesabladığım kimi alındı. Bu, bəxtlə bağlı məsələ deyil, çəkilən əziyyətin nəticəsidir”.
Yarımfinal qarşılaşmasından da söz açan güləşçi diqqətsizlik üzündən xal itirdiyini bildirib: “Yarımfinalda çox gözlədim, parter vəziyyətində müdafiə olunmağa çalışdım. Lakin sonda yaranan boşluqdan rəqib istifadə edərək xal qazandı. Buraxılan xalların əvəzini çıxmaq isə sonra çətinləşdi”.
Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən mundialda 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi iştirak edir. Azərbaycanı turnirdə 29 idmançı təmsil edir.














































































