“Qarabağ”ın futbolçusu Emmanuel Addai karyerasını Belçikada davam etdirəcək.
Sportnet.az xəbər verir ki, 24 yaşlı cinah hücumçusu yüksək liqada çıxış edən "Aud Höverle Löven” klubuna transfer olunub.
O, yeni komandası ilə 2029-cu ilədək müqavilə imzalayıb.
Addai Avropa futbolunda ilk addımlarını Fransada atıb. Daha sonra İspaniyaya köçən futbolçu “Alkorkon”un formasını geyinib. 2024-cü ilin yayında isə “Qarabağ”a transfer olunub.
Qanalı futbolçu Azərbaycan klubunun heyətində UEFA Avropa Liqası və Çempionlar Liqasında çıxış edib. O, ötən mövsüm Çempionlar Liqasında 10 oyunda meydana çıxıb.
Ümumilikdə Addai “Qarabağ”ın heyətində 88 matç keçirib, 12 qol vurub və 6 məhsuldar ötürmə edib.
“Aud Höverle Löven”in idman direktoru Qyorgi Çepregi transferlə bağlı fikirlərini bölüşüb: “Emmanuel Addai sistemimizə mükəmməl uyğun gələn müasir cinah oyunçusudur. O, sürətli, kreativdir, hər iki ayağından yaxşı istifadə edir və sürətlənməsi sayəsində rəqib futbolçunu asanlıqla keçə bilir. Bundan əlavə, Leuvenə ən yüksək səviyyədə təcrübə gətirir. Onun üçün ciddi rəqabət var idi və klubumuzu seçdiyinə görə çox xoşbəxtik”.












































































