“Biz mövsümün ən yaxşı oyununu keçirməli və mərhələni keçmək üçün yaxşı şanslar əldə etməliyik. İlk oyundan dərs çıxarmışıq və matçın gedişinə bir həftə əvvəlkindən daha yaxşı nəzarət etmək istəyirik. Ev azarkeşlərimizin dəstəyi ilə hər şey mümkündür!”
Sportnet.az xəbər verir ki, bunu Finlandiyanın “KuPS” klubunun baş məşqçisi Miika Nuutinen UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Sabah”a qarşı keçirəcəkləri cavab oyunu öncəsi deyib.
Finlandiya klubu iyulun 28-də “Väre Arena”da Azərbaycan çempionu ilə qarşılaşacaq. Bakıdakı ilk matçda “Sabah” 1:0 hesablı qələbə qazanıb.
“KuPS”in mərhələni keçməsi üçün ən azı iki top fərqli qələbə qazanması lazımdır. Finlandiya təmsilçisinin bir top fərqi ilə qələbəsi isə qarşılaşmanı əlavə vaxta daşıyacaq. Əlavə vaxtda hesab dəyişməsə, qalib penaltilər seriyasında müəyyənləşəcək.
Cütün qalibi Çempionlar Liqasının III təsnifat mərhələsinə yüksələcək və eyni zamanda ən azı UEFA Konfrans Liqasının əsas mərhələsində iştirakını təmin edəcək.
“KuPS”in qanalı müdafiəçisi Kassem Adams da cavab oyunu öncəsi fikirlərini bölüşüb: “Bakıdakı oyun kifayət qədər gərgin idi. “Sabah” çox yüksək səviyyəli komandadır və qarşılaşma bizim üçün asan olmadı. Ən yaxşı tərəf isə nəticədir. Bu nəticə bizə mərhələni keçmək üçün yaxşı şans verir”.
Adams doğma meydan amilinin komandalarına kömək edəcəyinə inanır: “Ev oyunu, əlbəttə, tamamilə fərqli olacaq. “KuPS” azarkeşləri bizi dəstəkləyəcək. Meydanda 100 faizimizi ortaya qoymaq istəyirik və onların dəstəyi uğur qazanmağımıza kömək edəcək”.
Qanalı futbolçu “Sabah”ın güclü komanda olduğunu da vurğulayıb: “Doğma meydanda oynamaq bizim üçün üstünlükdür. Bundan maksimum istifadə etmək istəyirik. Lakin “Sabah” həqiqətən çox güclü komandadır. İlk dəqiqələrdən hazır olmalı və özümüzün ən yaxşı tərəfini göstərməliyik”.
Qeyd edək ki, “KuPS” – “Sabah” qarşılaşması iyulun 28-də Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.













































































