“Qarabağ”la Bakıda keçirilən UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunundan əvvəl Bolqarıstan MOİK-inin düşərgəsində intizamsızlıq halı baş verib.
Sportnet.az-ın yerli mətbuata istinadən məlumatına görə, Sofiya komandasının yarımmüdafiəçisi Ceyms Eto'O “Slaviya” ilə iyulun 20-də keçirilmiş ölkə çempionatının ilk tur matçı zamanı stadionu qarşılaşma başa çatmadan tərk edib.
Bu səbəbdən, kamerunlu legioner “Qarabağ”la səfər oyununda MOİK-in heyətinə daxil edilməyib.
Klubun baş məşqçisi Hristo Yanev isə Eto'onun Bakıdakı qarşılaşmada oynamamasını futbolçunun kifayət qədər hazırlıqlı olmaması ilə izah edib. Halbuki kamerunlu futbolçu bundan üç gün əvvəl “Slaviya” ilə səfər matçında (0:0) start heyətində meydana çıxıb.
Eto'Onun “Qarabağ”la oyundan kənarda qalmasının səbəbi kimi məhz “Slaviya” ilə görüş zamanı baş verən intizamsızlıq göstərilir.
Daha sonra futbolçu MOİK-in məşqlərinə qayıdıb. Klubun şənbə günü paylaşdığı məşq videosunda Eto'o diqqət mərkəzində olub. Onun bu gün “Botev”ə qarşı oyunda start heyətində meydana çıxacağı və bununla səhvini başa düşdüyünü, komandası üçün mübarizə aparmağa hazır olduğunu göstərmək istədiyi bildirilir.
MOİK-in “Qarabağ”la ilk oyunundan sonra taktiki sxemini də dəyişəcəyi gözlənilir. Yanevin 3-5-2-dən 4-3-3-ə qayıtması planlaşdırılır.
Qeyd edək ki, bu gün keçiriləcək MOİK - "Botev" matçı Bakı vaxtı ilə saat 22:15-də başlanacaq.











































































