"Səfərdə bizim üçün çox çətin matç oldu. Öz oyun üslubumuzu tam nümayiş etdirə bilmədik və böyük təzyiq altında qaldıq".
Sportnet.az xəbər verir ki, bunu Finlandiya KuPS-unun futbolçusu Akseli Puukko UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "Sabah"a qarşı keçirdikləri ilk oyun barədə klubun rəsmi saytına açıqlamasında deyib.
20 yaşlı sağ cinah müdafiəçisinin fikrincə, 0:1 hesablı məğlubiyyət komandası üçün kifayət qədər yaxşı nəticədir.
Puukko, ilk növbədə, Finlandiya çempionatında bu gün saat 18:00-da start götürmüş VPS-ə qarşı görüşdə qələbə qazanmaq istədiklərini dilə gətirib: "Hamı səbirsizliklə mövsümün davamını gözləyir, çünki qarşıda çox maraqlı oyunlar var. İndi növbəti məqsədimiz VPS-i məğlub etməkdir. Liqada uğurlu nəticələr qazanmaq, Avropa kuboklarında isə bacardığımız qədər irəliləmək istəyirik".
Qeyd edək ki, iyulun 28-də "Kuopion Keskuskenttya" stadionunda keçiriləcək KuPS - "Sabah" matçı Bakı vaxtı ilə saat 19:00-da başlanacaq.







































































