"Payde"nin kapitanı Oskar Hom UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda “Zirə” üzərində qazandıqları 1:0 hesablı qələbəni şərh edib.
Sportnet.az xəbər verir ki, estoniyalı futbolçu komandasının səbirli oyun nümayiş etdirdiyini və hesabın daha böyük ola biləcəyini deyib.
“Rəqibin məğlubedilməz komanda olmadığını başa düşdük. Meydanda çox çalışdıq, intizamlı müdafiə olunduq və bilirdik ki, qol epizodlarımız yaranacaq. Sonda istəyimizə çatdıq. Hətta bir qoldan da artıq fərqlənə bilərdik. Hazırda nəticədən çox razıyıq, amma işimiz hələ bitməyib. Gələn həftə Azərbaycanda cavab oyunu var və həmin görüşə də eyni əzmlə çıxacağıq”, – deyə O.Hom bildirib.
Kapitan ilk hissədə “Zirə”nin təzyiqinə tab gətirdiklərini, ikinci hissədə isə daha təhlükəli oynamağa başladıqlarını vurğulayıb. Onun sözlərinə görə, komanda üçün sevindirici məqamlardan biri də güclü rəqibə qol imkanı verməmələri olub.
“Əlbəttə, bu, çətin idi. Hamı gördü ki, sona qədər mübarizə apardıq və qapımızı toxunulmaz saxlamaq üçün əlimizdən gələni etdik. Buna nail olduq və bu inamı cavab oyununa da daşımalıyıq”, – deyə o qeyd edib.
O.Hom cavab qarşılaşmasında da uğur qazanmaq üçün eyni oyun üslubunu davam etdirmələrinin vacibliyini vurğulayıb:
“Bu gün burada nümayiş etdirdiyimiz istək, əzmkarlıq və müdafiədə fədakarlıq sayəsində nəticə qazandıq. Azərbaycandakı oyunda da eyni yanaşmanı sərgiləməliyik”.
Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 30-da Sumqayıtda təşkil olunacaq.







































































