“Qarabağ”ın futbolçusu Joni Montiel Bolqarıstan təmsilçisi MOİK-lə qolsuz heç-heçə etdikləri UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb.
Sportnet.az həmin müsahibəni təqdim edir:
- MOİK barədə nə deyə bilərsiniz?
– Bu mərhələyə yüksələn komandaların hamısı güclüdür. Bu da onu göstərir ki, ötən mövsüm öz çempionatlarında uğurlu çıxış edərək bura vəsiqə qazanıblar.
- İkinci hissədə meydana çıxarkən azarkeşlərin alqışını hiss etdiniz?
– Açığı, bu, mənim üçün gözlənilməz oldu. Burada olduğum müddətdə həm mənə, həm də həyat yoldaşıma hər zaman isti münasibət göstəriblər. Buna görə də özümü burada çox xoşbəxt hiss edirəm. “Qarabağ”da olduğum müddətdə komandaya kömək etmək üçün əlimdən gələni edəcəyəm.
- Adınız son anda sifariş vərəqəsinə salındı. Oynayacağınızı gözləyirdiniz?
– Bu müddət ərzində, xüsusilə də guya nizam-intizam problemlərinə görə heyətə düşmədiyim barədə çoxlu xəbərlər yayıldı. Təbii ki, belə söz-söhbətlər həm mənə, həm də ailəmə pis təsir edir. İndiyədək çıxış etdiyim heç bir komandada nizam-intizamla bağlı problem yaşamamışam. Sadəcə, bu, baş məşqçinin qərarıdır və biz buna hörmətlə yanaşmalıyıq. Heyətdə çox sayda futbolçu var, hər kəs özünü göstərməyə çalışır. Son qərarı isə baş məşqçi verir.
- Komandada qalacaqsınız?
– Bəli, qalacağam.
- Ötən mövsümkü performansınıza çata biləcəksiniz?
– Keçənilki fiziki durumuma qayıtmaq və onu daha da yaxşılaşdırmaq üçün çalışıram. Ötən mövsümün sonunda zədə aldım və əməliyyat olundum. Buna görə də mövsümün əvvəlində komandaya qoşula bilmədim. Bildiyiniz kimi, futbolçunun optimal formada olması və yüksək performans göstərməsi üçün davamlı oyun praktikası vacibdir.
- Komandada artan rəqabəti necə qiymətləndirirsiniz?
– Heyətin geniş olması komandanın xeyrinədir. Nə qədər çox keyfiyyətli futbolçu və rəqabət olsa, bu, hamı üçün faydalıdır. Bizim işimiz baş məşqçinin tapşırıqlarını yerinə yetirməkdir.







































































