UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda səfərdə “Neftçi”ni 4:2 hesabı ilə məğlub edən Belarusun “Dinamo” (Minsk) klubunun futbolçusu Karen Vardanyan komandasının əzmkar qələbəsini yüksək qiymətləndirib.
Sportnet.az xəbər verir ki, futbolçu matçdan sonra Azərbaycan mətbuatına açıqlamasında oyuna istədikləri kimi başlaya bilmədiklərini bildirib: “Əlbəttə, belə başlanğıc gözləmirdik. Amma şükürlər olsun ki, matçın gedişatını dəyişə bildik və hər şey yaxşı alındı”.
O, cavab qarşılaşmasının asan keçməyəcəyini vurğulayıb. Vardanyanın sözlərinə görə, “Neftçi” keyfiyyətli futbolçulara malik güclü komandadır və rəqibi kiçiltmək fikrində deyillər: “Yüz faiz gücümüzlə mübarizə aparacaq və növbəti mərhələyə yüksəlmək üçün əlimizdən gələni edəcəyik”.
Belaruslu yarımmüdafiəçi Bakıdakı görüşü avrokuboklarda keçirdiyi ən yaxşı oyunlardan biri kimi dəyərləndirib. O, paytaxtda qol vurmasının xüsusi prinsipial məna daşımadığını da qeyd edib: “Bu, sadəcə Konfrans Liqasında vacib oyun idi. Rəqibin kim olması və oyunun harada keçirilməsi mənim üçün fərq etmirdi”.
Karen Vardanyan cavab görüşündə də fərqlənmək istədiyini bildirib: “Ümid edirəm ki, yenidən qol vuraram. Buna zəmanət verə bilmərəm, amma bunun üçün maksimum çalışacağam”.







































































