Azərbaycan millisinin sabiq baş məşqçisi Arif Əsədov UEFA Çermpionlar Liqasının II təsnifat mərhələsində "Sabah"ın Finlandiya "KuPS"u ilə keçirəcəyi ilk oyunla bağlı fikirlərini bölüşüb.
Bu barədə Sportnet.az-a açıqlama verən çalışdırıcı ilk növbədə avrokuboklarda çıxış edən Azərbaycan təmsilçilərinə uğurlar arzulayıb.
“Birinci təsnifat mərhələsində təmsilçilərimiz çox yaxşı çıxış edərək növbəti mərhələyə yüksəldilər. Həm layiqli qələbələr qazandılar, həm də Azərbaycan klub futbolunun reytinqinə mühüm xallar əlavə etdilər. "Sabah" ilk oyununu doğma meydanda keçirəcək. Rəqibi tam izləməsək də, hesab edirəm ki, hazırkı "Sabah" səviyyə baxımından ondan üstündür. Ancaq bunu mütləq meydanda sübut etmək lazımdır", - deyə mütəxəssis qeyd edib.
Onun sözlərinə görə, görüşün ilk dəqiqələri kəşfiyyat xarakteri daşıya bilə: "Məşqçilər korpusu rəqibi analiz etsə də, oyunda hər şey fərqli inkişaf edə bilər. İlk 15 dəqiqədə komandaların bir-birini daha yaxından yoxlaması gözləniləndir. Hesab edirəm ki, "Sabah" mütləq qələbə qazanmalıdır. Komanda səfər oyununa daha rahat yollanmaq üçün ilk matçda ən azı iki top fərqi ilə üstünlük əldə etsə, bu, cavab görüşü baxımından böyük üstünlük olar. Bunun üçün ilk dəqiqələrdən aqressiv oyun sərgiləmək və azarkeşlərin dəstəyindən maksimum yararlanmaq vacibdir. İnanıram ki, "Sabah" bu görüşdə qalib gələcək. Əsas məsələ isə elə nəticə qazanmaqdır ki, səfər oyunu öncəsi komandaya ciddi üstünlük versin. Uğurlar arzulayıram”.
Qeyd edək ki, “Bank Respublika Arena”da keçiriləcək “Sabah” – “KuPS” görüşü saat 20:00-da başlayacaq. Komandalar arasında cavab matçı iyulun 28-də Finlandiyada olacaq.











































































