“Neftçi”nin baş məşqçisi Yuri Vernidub komandanın hazırlıq prosesi və qarşıdakı hədəflərlə bağlı fikirlərini bölüşüb.
Sportnet.az xəbər verir ki, ukraynalı mütəxəssis təlim-məşq toplanışını müsbət qiymətləndirib.
“Toplanışımız yaxşı keçdi. Güclü rəqiblərlə yoxlama oyunları keçirdik. Bütün futbolçulara eyni səviyyədə yüklənmə verməyə və hər birinə kifayət qədər oyun praktikası qazandırmağa çalışdıq. Hazırlıq prosesindən razı qaldım. Əsas məqsəd toplanışı zədəsiz başa vurmaq idi. Hər şey plan üzrə gedir. Komandaya yeni futbolçular qoşulub, lakin transfer axtarışlarımız davam edir. Hansı mövqeləri gücləndirməli olduğumuzu bilirik. Bu istiqamətdə işlər aparılır və tələsmədən, düzgün seçim etmək istəyirik. Komandamız daha da güclənəcək”, – deyə Vernidub bildirib.
Baş məşqçi klubun qarşıya qoyduğu hədəflərdən də söz açıb:
“Söz vermək başqa, onu yerinə yetirmək isə tamam başqa məsələdir. Əminliklə deyə bilərəm ki, UEFA Konfrans Liqasının əsas mərhələsinə yüksəlmək üçün əlimizdən gələni edəcəyik. Bu, asan olmayacaq. Püşkdən də çox şey asılıdır. Əvvəlcə ilk rəqibi keçməli, sonra növbəti mərhələni düşünməliyik”.
Vernidub avrokuboklarda onları çətin sınaqların gözlədiyini də vurğulayıb:
“Rəqiblərimiz öz ölkələrinin güclü komandalarıdır. Bizi asan oyunlar gözləmir. Hər matçda maksimum nəticə qazanmaq üçün mübarizə aparacağıq”.
Qeyd edək ki, “Neftçi” UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Belarusun “Dinamo” (Minsk) komandası ilə qarşılaşacaq. İlk oyun iyulun 22-də Bakıda, cavab görüşü isə iyulun 30-da keçiriləcək.








































































