Estoniyanın "Payde" klubunun baş məşqçisi Tarmo Kink UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Zirə"yə qarşı keçirəcəkləri oyunlar barədə danışıb.
Sportnet.az xəbər verir ki, estoniyalı mütəxəssis Bakı klubunun güclü çempionatda çıxış etdiyini bildirib.
Onun sözlərinə görə, Azərbaycan Premyer Liqası səviyyəli yarışdır və burada çıxış edən klubların maliyyə baxımından ciddi çətinlikləri yoxdur: “Azərbaycan çempionatında fərdi keyfiyyətləri yüksək olan futbolçular çıxış edirlər. Düşünürəm ki, bizi əvvəlki rəqibimizdən tamamilə fərqli komanda gözləyir".
"Zirə" futbolçularının ümumi bazar dəyərinin "Payde" oyunçularının qiymətindən təxminən 6 dəfə çox olması ilə bağlı suala da cavab verən baş məşqçi bu göstəricinin onun üçün əhəmiyyət daşımadığını vurğulayıb: "Bu rəqəmlər mənim üçün heç bir məna kəsb etmir. Əgər bazar dəyəri hər şeyi həll etsəydi, Azərbaycana getməyə ehtiyac qalmazdı. Ancaq biz bu oyunu keçirməliyik. Vəzifəmiz meydanda əlimizdən gələnin ən yaxşısını etməkdir. Qarşılaşmanın taleyini yalnız meydandakı oyunlar müəyyənləşdirəcək".
Qeyd edək ki, “Zirə” “Payde” ilə ilk görüşünü iyulun 23-də səfərdə, cavab matçını isə bir həftə sonra Sumqayıtda keçirəcək.









































































