Macarıstanın paytaxtı Budapeştdə keçirilən reytinq turnirinin ikinci yarış günündə Azərbaycanın sərbəst güləş üzrə milli komandasının 2 üzvü fəxri kürsüyə qalxıb.
Sportnet.az xəbər verir ki, Ali Tsokayev (92 kq ABŞ-dən olan Dastin Plot (8:6), bəhreynli Maqomed Şaripov (2:0) və türkiyəli Fatih Altunbaşa (11:0) qalib gələrək finala vəsiqə qazanıb.
Ukraynalı Muxammed Aliyev zədələndiyi üçün həlledici qarşılaşma baş tutmayıb və Tsokayev karyerasında ilk dəfə reytinq turnirinin qalibi olub. Beləliklə, rusiyalı legioner bu il qatıldığı 3-cü yarışda da bütün rəqiblərini üstələyib.
Xatırladaq ki, Tsokayev bu il həm U23 yaş qrupunda, həm də böyüklər arasında Avropa çempionu olub.
Cəbrayıl Hacıyev (79 kq) qazaxıstanlı Şamsat Tahir (2:0) və gürcüstanlı Luka Çxitunidzeyə (5:3) qalib gələrək finala yüksəlib. O, həlledici görüşdə monqolustanllı Suldxuu Olonbayara (0:5) məğlub olub və reytinq turnirində gümüş medal qazanıb.
Osman Nurmaqomedov (97 kq) 1/8 finalda polşalı Zbiqniev Baranovskiyə sonuncu xal prinsipinə əsasən (3:3) məğlub olub.
Giorgi Meşvildişvili (125 kq) polşalı Robert Baranla (3:1) ABŞ-dən olan Demetrius Toması (6:2) mübarizədən kənarlaşdırsa da, zədələndiyi üçün 1/4 final görüşünə çıxmayıb.
Gültəkin Şirinova (55 kq) təsnifat mərhələsində ukraynalı Natalya Klivçutskaya 1:5 hesabıyla məğlub olub. Təsəlliverici görüşdə qazaxıstanlı Aynur Aşimovaya tam üstünlüklə (11:0) qalib gələn Şirinova bürünc medal uğrunda qarşılaşmada kanadalı Karla Qonzalesə uduzub – 0:5.











































































