"İmişli" klubu yeni loqosunu ictimaiyyətə təqdim edib.
Sportnet.az-ın məlumatına görə, tədbirdə klubun icraçı direktoru Aqşin Mürsəlov öncə 22 iyul - Milli Mətbuat Günü münasibətilə jurnalistləri təbrik edib.
O, 2022-ci ildə yaradılmış klubun keşməkeşli yol keçdiyini söyləyib.
Mürsəlov yeni loqoda "İmişli"nin yaranma tarixinin əksini tapdığını söyləyib: "Bizi ittiham edirlər ki, İmişlinin pələngə əlaqəsi yoxdur. Amma bu təsvir güc və iradəni əks etdirir. Loqodakı göy rəng Araz çayı və dərinliyi, qalxan müdafiə və birliyi, qızılı rəng isə məhsuldarlıq və dəyəri özündə ehtiva edir. Loqo üzərindəki 22 rəqəmi isə klubun yaranma tarixini -2022-ci ili göstərir".
Peşəkar Futbol Liqasının (PFL) Texniki idman direktoru Elgiz Abbasov jurnalistikanı təmsil etdiyi qurumun dayaq nöqtələrindən biri adlandırıb.
O, klubun qısa müddətdə müəyyən inkişaf yolu keçməkdə olduğunu diqqətə çatdırıb: "Yeni yarandığı vaxt "İmişli"nin bir neçə əməkdaşı var idi və onlar indi də ye4indədirlər. Kamran Eyyubovun rəhbər posta gəlişindən sonra kluba yeni əməkdaşlar cəlb olunub. Biz PFL-in də loqosunu dəyişəndə bunun necə məsuliyyətli məsələ olduğunu anlamışdıq".
Futbolun İnkişafı Fondunun (FİF) icraçı direktoru Tural Piriyev "İmişli"nin meydanda və meydsndankənar təşəbbüslərini görməkdən məmnunluq duyduğunu bildirib: "Vaxtilə biz İmişlidə tut ağacının altında tədbirlər keçirirdik. İndi isə şəhərin mərkəzində görkəmli otelin Nyu York zalındayıq. Loqonun hansı formada olması klubun nəyə qadir olduğunu göstərmir, əsas real həyatda görünən işlərdir. Dünyanın ən yaxşı şirkətlərindən birinin loqosu dişlənmiş alma təsviridir. Ən yaxın müddətdə kluba doğma rayonunda oynamağı arzulayırıq".
Klubun baş məşqçisi Fərid Namazov bu səviyyəyə çatmalarında özlərinin də payının olduğunu söyləyib: "Bizdə bəlli stereotiplər var ki, birdən-birə gəncləri od-alovun içinə atmaq istəmirlər. Bir illik ayrılıqdan sonra bizə ayrıldılar və yenidən şans verdilər. Bütün rəhbər şəxslərlə vəhdət yaradaraq uğurlu nəticələr göstərəcəyimizə ümidvarıq. Əsas loqp deyil, onun adı altında birləşən insanlardır".
Mürsəlov media ilə münasibətləri qaydasına salamlarında klubun mətbuat katibi Leyla Behbudovanın roluna diqqət çəkib.









































































