İspaniya milli dünya çempionatının qrup mərhələsinin üçüncü turunda Uruqvay yığmasını 1:0 hesabı ilə məğlub edərək rəsmi oyunlardakı məğlubiyyətsiz seriyasını 34 matça çatdırıb.
Sportnet.az xəbər verir ki, bu nəticə dünya futbolunda yeni rekord hesab olunur. Əvvəlki rekord 1993–1998-ci illərdə ardıcıl 33 rəsmi oyunda məğlub olmayan Braziliya millisinə məxsus idi.
İspaniya yığması sonuncu dəfə 2023-cü il martın 28-də AVRO-2024-ün seçmə mərhələsində Şotlandiyaya 0:2 hesabı ilə uduzub. Həmin görüşdən sonra komanda 27 qələbə qazanıb və 7 heç-heçə edib.
Üç ildən artıq davam edən bu uğurlu seriya ərzində İspaniya AVRO-2024-ün qalibi olub və hazırda dünya çempionatında da inamlı çıxışını davam etdirir.












































































