2026-cı il dünya çempionatının I qrupunda III turun oyunları keçirilib.
Sportnet.az xəbər verir ki, Fransa millisi ABŞ-ın Foksboro şəhərindəki "Cilett" stadionunda Norveçlə qarşılaşıb və 4:1 hesablı qələbə qazanıb.
Matçın qəhrəmanı Usman Dembele olub. Təcrübəli hücumçu 7, 20 və 32-ci dəqiqələrdə fərqlənərək het-trik edib.
Norveçin yeganə qolunu 21-ci dəqiqədə Telo Osqor vurub. İkinci hissədə Yörgen Strann Larsen penalti zərbəsini dəqiq yerinə yetirə bilməyib. Əvəzində, 90+4-cü dəqiqədə Dezirə Due Fransa millisinin dördüncü qolunu vuraraq yekun hesabı müəyyənləşdirib.
Digər oyunda Seneqal Kanadanın Toronto şəhərində yerləşən "BMO Fild" stadionunda İraq millisini 5:0 hesabı ilə məğlub edib. Hesabı 4-cü dəqiqədə Habib Diarra açıb. İraq yığması 13-cü dəqiqədən etibarən azlıqda qalıb: Rebin Sulaka qırmızı vərəqə alıb.
Fasilədən sonra İsmaıla Sarr (56), Pap Qeye (59, 71) və İliman Ndiaye (82) fərqlənərək Seneqalın böyükhesablı qələbəsini rəsmiləşdiriblər.
Beləliklə, Fransa millisi qrup mərhələsini 9 xalla lider kimi başa vuraraq 1/16 finala vəsiqə qazanıb. 6 xalı olan Norveç ikinci yeri tutaraq pley-offa yüksəlib. Seneqal 3 xalla üçüncü, xalsız İraq isə sonuncu pillədə qərarlaşıb.
1/16 finalda Fransa Şotlandiya, Paraqvay, İsveç, Belçika və ya Kabo-Verde ilə qarşılaşacaq. Norveçin rəqibi isə Kot-d'İvuar olacaq.













































































