Çexiya millisinin hücumçusu Patrik Şik yığmadakı karyerasını başa vurduğunu açıqlayıb.
Sportnet.az-ın məlumatına görə, 30 yaşlı futbolçu qərarını sosial şəbəkə hesabında paylaşıb.
Şik bildirib ki, bu addım ani qərar olmayıb və uzun müddətdir üzərində düşündüyü bir məsələdir: “Bu gün milli komandadakı hekayəm başa çatır. Bu qərar nə impulsivdir, nə də qəfil verilib. Uzun müddətdir düşündüyüm bir qərardır. Bu yol emosiyalar, sevinclər, məyusluqlar, qələbələr və çətin anlarla dolu olub. Hər zaman milliyə maksimum fayda verməyə və ölkəmi ən yaxşı şəkildə təmsil etməyə çalışmışam. Çexiya millisinin formasında əldə etdiklərimlə qürur duyuram. Amma eyni zamanda hesab edirəm ki, Çex futbolu son illərdə göstərdiyindən qat-qat böyük potensiala malikdir. Reallığı qəbul etməli və uzun müddətdir işləməyən məqamları dəyişdirməliyik. Bunu qəzəbdən və ya məyusluqdan demirəm. Sadəcə, Çexiya futboluna laqeyd deyiləm. Bütün azarkeşlərə, komanda yoldaşlarıma və məni dəstəkləyən hər kəsə təşəkkür edirəm. Çexiya millisinin formasını geyinmək mənim üçün böyük şərəf olub”.
Qeyd edək ki, Patrik Şik Çexiya millisinin heyətində 56 oyuna çıxıb və 26 qola imza atıb. Yığma 2026-cı il dünya çempionatının A qrupunda 1 xalla sonuncu yeri tutaraq, mübarizəni dayandırıb.












































































