Hans-Yurgen Gede karyerasında ikinci dəfə "Neftçi" ilə yollarını ayırıb.
Sportnet.az xəbər verir ki, vaxtilə Azərbaycanın "Neftçi" komandasında baş məşqçi kimi çalışmış 68 yaşlı mütəxəssis bu dəfə Özbəkistan təmsilçisi "Neftçi" ilə vidalaşıb.
Fərqanə klubunun yaydığı məlumata görə, Gede ailə vəziyyəti ilə əlaqədar vəzifəsini tərk etmək qərarı verib. O, baş məşqçi İslombek İsmoilovun köməkçisi kimi fəaliyyət göstərirdi.
Qeyd edək ki, Hans Yurgen Gedenin həm Azərbaycan, həm də Özbəkistan "Neftçi"sindəki fəaliyyəti uzunmüddətli olmayıb. Almaniyalı mütəxəssis Bakıda baş məşqçi, Fərqanədə isə köməkçi-məşqçi qismində çalışsa da, hər iki macəra qısa sürüb. Gede Bakı komandasında 2008-ci il avqustun 29-dan 2009-cu il fevralın 28-dək baş məşqçi kimi fəaliyyət göstərib. Onun rəhbərliyi altında "ağ-qaralar" tarixinin ən uğursuz dövrünü yaşayıb. Fərqanə klubunda isə Gede 11 dekabr 2025-ci ildən işləyirdi. Onun dövründə "Neftçi" Özbəkistan Super Kubokunu qazanıb.







































































